RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Zelenski Rusiya ilə danışıqlar üçün Bakını seçdi

Ukrayna lideri belaruslara müraciət edərək, ölkənin yenidən mehriban və təhlükəsiz olmasını arzulayıb.
Sputnik
BAKI, 27 fevral — Sputnik. Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Rusiya ilə danışıqlar Polşa, Türkiyə və Azərbaycanın paytaxtlarında keçirilə bilər:
"Varşava, İstanbul, Bakı - biz bu şəhərləri danışıqlar üçün Rusiyaya təklif etmişik, eləcə də raketlərin Ukraynaya uçmadığı hər hansı digər şəhəri".
Zelenski bildirib ki, Kiyev Rusiya ilə sülh və danışıqlar istəyir.
Ukrayna lideri belaruslara müraciət edərək, ölkənin yenidən mehriban və təhlükəsiz olmasını arzulayıb.
Ukrayna Prezidenti Belarusda danışıqlara başlamaq təklifindən xəbərdar olduğunu bildirib. Zelenskinin sözlərinə görə, əgər Kiyevə qarşı hərbi əməliyyatlarda iştirakı olmasaydı, Belarusda danışıqlara razı olardı.
Zelenski bildirib ki, başqa şəhərlər danışıqlar üçün platforma ola bilər, lakin Belarus şəhərləri deyil.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Rusiya nümayəndə heyəti ukraynalılarla danışıqlar aparmaq üçün Belarusa gedib.
Məlumata görə, danışıqlar Qomeldə aparıla bilər.

Nümayəndə heyətinə Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Rusiya Federasiyasının digər idarələrinin, o cümlədən prezident administrasiyasının nümayəndələri daxil ediliblər.
Fevralın 24-də Ərdoğan Rusiya və Ukraynanı münaqişə məsələlərini diplomatiya və Minsk razılaşmaları əsasında həll etməyə çağırıb:
"Hər iki ölkə bizə dostdur. Mən Rusiya və Ukraynanı Minsk razılaşmaları əsasında problemi dialoq yolu ilə həll etməyə çağırıram".
Türkiyə lideri onu da qeyd edib ki, telefon danışıqları zamanı Rusiya prezidenti Vladimir Putinə Ukrayna böhranı ilə bağlı mövqeyini bildirib.
Xatırladaq ki, cümə axşamı səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, Donbas xalq respublikaları yardım xahişi ilə Rusiyaya üz tutub".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.