BAKI, 27 fevral - Sputnik. Bolqarıstan Azərbaycan Respublikası vətəndaşlarının Ukrayna ərazisini münaqişə səbəbindən tərk etməsini nəzərə alaraq, onlara münasibətdə ölkə ərazisindən tranzitlə keçmək üçün müvəqqəti olaraq viza tələbini ləğv edib.
Bu barədə məlumatı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti İdarəsi yayıb.
“Eyni zamanda, vətəndaşlarımız sərhəd-keçid məntəqəsində səyahət sənədini (pasport və ya qayıdış şəhadətnaməsi) təqdim etməlidir.
Bolqarıstan tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar Ruminiyadan quru sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini mütləq şəkildə tələb etməyəcək.
***
Ukraynanı quru sərhəddi ilə qonşu ölkələrə keçməklə tərk etmiş vətəndaşlarımız Rumıniya və Bolqarıstan arasındakı bütün sərhəd-keçid məntəqələri vasitəsilə Bolqarıstan Respublikasına, oradan isə Türkiyə Respublikasının ərazisinə keçməklə Azərbaycana səfər edə bilərlər.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Twitterdəki səhifəsində bildirib.
***
Ukraynadakı vəziyyətlə əlaqədar, ölkəni tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün bu ilin 28 fevral tarixində Azərbaycan dövləti tərəfindən iki çarter reysinin təşkil edilməsi nəzərdə tutulub.
Rumıniya ərazisindən reallaşdırılacaq çarter reyslərindən birincisi ilə Türkiyənin "Tailwind" şirkəti vasitəsilə 168, Azərbaycan Hava Yolları ilə həyata keçiriləcək növbəti çarter reysi ilə isə 174 vətəndaşımızın Azərbaycana gətirilməsi planlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: