SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Xocalı qatillərinin cəzalandırılması üçün İsrail təcrübəsinə müraciət etməliyik - Deputat

Azərbaycan hüquq-mühafizə orqanları hər bir caninin harada olduğunu araşdırmalıdır. Həmin canilər beynəlxalq ədalət məhkəmələri qarşısında cavab verməlidirlər.
Sputnik
BAKI, 26 fevral — Sputnik. Azərbaycan bütün beynəlxalq hüquq vasitələrindən istifadə edərək Xocalı qatillərinin cəzalandırılmasına nail olmalıdır.
Bu sözləri fevralın 25-də Milli Məclisin plenar iclasında Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı çıxışında Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.
O qeyd edib ki, Xocalı qatillərinin cəzalandırılmasına üçün dünya təcrübəsi öyrənilməlidir:
“Holokost canilərinin tutulması üçün İsrailin tətbiq etdiyi təcrübədən istifadə etməliyik. Azərbaycan hüquq-mühafizə orqanları hər bir caninin harada olduğunu araşdırmalıdır. Həmin canilər beynəlxalq ədalət məhkəmələri qarşısında cavab verməlidirlər. Biz qisas yox, ədalət istəyirik. Bizim “Xocalıya ədalət” çağırışımızı dəstəkləyənlərin sayının artacağına ümid edirik”.
Deputat Musa Quliyev isə deyib ki, Xocalı soyqırımının törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin tutulub Azərbaycana gətirilməsi və ən sərt şəkildə cəzalandırılması təmin edilməlidir.
"Bu qətliam təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı cinayət, insanlığa qarşı təhqir, vəhşi vandalizm, kütləvi qırğın aktıdır. Xocalı soyqırımı həm də erməni daşnak faşizminin mahiyyətidir, sübutudur", - deyə M.Quliyev bildirib.
O qeyd edib ki, Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə soyqırımı qurbanlarının ailə üzvlərindən və Azərbaycan dövlətindən rəsmi üzr istənilməli, belə cinayətlərin bir daha törədilməyəcəyinə təminat verilməli və vurulmuş ziyana görə tam olaraq kompensasiyanın ödənilməsi tələb olunmalı və sülh müqaviləsinin şərtlərindən biri kimi nəzərdə tutulmalıdır.
Deputat Razi Nurullayev isə Xocalı soyqırımına həsr olunan daha böyük parkın salınmasını təklif edib: "Bu parkda Xocalı soyqırımının qurbanı olan 613 nəfərin hər birinin abidəsi qoyulsun, onlar barədə məlumatlar bütün dillərdə abidənin üzərində qeyd edilsin. Bu, Azərbaycana gələn turistlərin də faciə barədə daha çox məlumat almasına imkan yaradardı".
Deputat Cavid Osmanov tarixdə bir çox soyqırımların törədildiyini, Xocalının isə xüsusi qəddarlığı ilə seçilən etnik təmizləmə, soyqırımı olduğunu diqqətə çatdırıb.
O bildirib ki, ölkədə xaosun baş alıb getməsi o zaman dünya ictimaiyyətinin diqqətinin Xocalı soyqırımına yönəldilməsinə mane olub: "44 günlük Vətən müharibəsində Azərbaycan zəfər qazandı. Həmin vaxt Xocalı soyqırımını təşkil edənlər döyüş meydanından qaçdılar. Onların başqa yolu da qalmadı. İnanırıq ki, Vətən müharibəsində qaçıb gizlənənlər - Sarkisyanlar, Koçaryanlar beynəlxalq ictimaiyyət tərəfindən qınanılacaq, soyqırımının təşkilatçıları və icraçıları layiqli cəzalarını alacaq".
Deputat Fəzail Ağamalının sözlərinə görə, bizim ruhumuz o zaman sakitlik tapacaq ki, Xocalı soyqırımını törədənlər, layiqli cəzasını alacaq: "Biz Vətən müharibəsində erməniləri məğlub etdik, sındırdıq. Amma Xocalı qətliamını törədənlər bizə təhvil verilməlidir. Bu da İnterpol xətti ilə edilə bilər. Bunun üçün işlər illərdir gedir. Amma İnterpolun mərkəzi ofisi Fransada yerləşir. Buna görə də Xocalı cəlladlarının bizə təslim edilməsi üçün əlavə addımları nəzərdə keçirməliyik".
Deputat eyni zamanda həmkarlarının təkliflərinə qoşularaq Xocalı ilə bağlı əlavə parkın və ümumiyyətlə deportasiyaya məruz qalan azərbaycanlılar üçün xüsusi xatirə kompleksinin yaradılmasına ehtiyac olduğunu vurğulayıb.
Qeyd edək ki, Milli Məclis Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar bəyanatı hazırlamaq üçün komissiya yaradıb.
Komissiyaya yeddi deputat daxil olub. Komissiya qısa müddət ərzində bəyanatın mətnini hazırlayaraq plenar iclasda təqdim edəcək.