BAKI, 25 fevral - Sputnik. Ukraynada yaşayan azərbaycanlılardan Ukrayna Azərbaycanlıları Radasına 300 müraciət daxil olub. Bunu Radanın sədri Ceyhun Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib.
O deyib ki, Ukraynada yaşayan azərbaycanlılar ölkədə baş verən hərbi əməliyyatlara görə Radaya müraciət etməkdə davam edirlər. C.Məmmədov Ukraynada yaşayan həmvətənlərimizlə daim əlaqədə olduqlarını söyləyib. Onun sözlərinə görə, hazırda da hərbi əməliyyatlar davam edir:
”Ukraynada yaşayan azərbaycanlılardan ölkədən çıxmaq üçün 300 müraciət daxil olub. Moldova üzərindən təxliyə planı var. Hələ ki gözləyirik. Güman edirik ki, bu gün, ya da sabah müharibədə kulminasiya nöqtəsi olacaq”.
Xarkov şəhərində fəaliyyət göstərən Ukraynanın Milli Mülki Müdafiə Universitetinin tələbəsi Müslüm Nəsrulla Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, xarici tələbələri dünən yataqxanadan beş-beş çıxardıblar. Daha sonra heç nə demədən geri qaytarıblar.
M.Nəsrulla hələ ki azərbaycanlı tələbələrin digər əcnəbi tələbələr kimi yataqxanada gözlədiklərini bildirib. O əlavə edib ki, dünən ərzaq ehtiyatı alaraq yığıblar. Amma bunun neçə günə yetəcəyini bilmirlər.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətdə Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etdiyini bildirib. "Şərait bizdən qətiyyətli və təcili addımların atılmasını tələb edir. Donbasın xalq respublikaları Rusiyaya yardım üçün müraciət ediblər. Bununla bağlı BMT Nizamnaməsinin 51-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, Federasiya Şurasının sanksiyası, Federal Məclis tərəfindən ratifikasiya olunmuş DXR və LXR ilə dostluq, eləcə də qarşılıqlı yardım barədə müqavilələrin icrası üçün mənim tərəfimdən xüsusi hərbi əməliyyat keçirilməsi barədə qərar qəbul olunub", - Putin telemüraciətində deyib.
O qeyd edib ki, kim kənardan bu prosesə qarışsa, cavabları sərt olacaq: "Elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!"
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.