BAKI, 25 fevral — Sputnik. İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimləri Qafqaz Müsəlmanları İdarəsinə məlumat verilməklə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təyin olunacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Dini etiqad azadlığı haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Mövcud qanunvericiliyə görə, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur.
Dini qurumların ianə qəbul etməsi qaydası hazırlanacaq
Digər dəyişikliyə görə, Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcək.
Dəyişikliyə əsasən, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edəcək.
Layihəyə əsasən, ianə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi qaydası hazırlanacaq. İanə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!