HADİSƏ

Beynəlxalq axtarışa verilən şəxs Azərbaycana ekstradisiya edilib

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Elnur Abbasov Rusiyadan Azərbaycana gətirilib.
Sputnik
BAKI, 25 fevral — Sputnik. Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22 yanvar 1993-cü il tarixli Konvensiyaya əsasən, Azərbaycan Respublikasının vətəndaşı Elnur Abbasovun ekstradisiyası haqqında qərar qəbul edilib.
Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluqdan məlumat verilib.
Nəsimi rayon prokurorluğunda istintaq olunan cinayət işi üzrə Elnur Abbasov xüsusi amansızlıqla qəsdən adam öldürmə, öldürməklə hədələmə və zorlama əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 94-cü maddəsinin 6-cı hissəsi, 109-cu maddəsinin 1-ci hissəsi və hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə cinayət təqibi orqanından gizləndiyinə görə 1998-ci ildə barəsində beynəlxalq axtarış elan edilib.
Elnur Abbasovun Rusiya Federasiyası ərazisində törətmiş olduğu digər cinayətə görə Petroqrad rayon məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli hökmü ilə cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müəyyən olunub.
2022-ci il fevralın 24-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Elnur Abbasov Rusiyadan Azərbaycana gətirilib.
Xatırladaq ki, son üç ildə axtarışa verilən 80-dən çox şəxs Azərbaycana ekstradisiya edilib. Ötən il Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə (qəsdən sağlamlığa insan həyatı üçün təhlükəli olan ağır zərər vurma) ittiham edilərək beynəlxalq axtarışa verilən şəxs Polşada saxlanılıb.
Ədliyyə Nazirliyi tərəfindən Polşanın səlahiyyətli qurumları ilə aparılan danışıqlar və iki ölkə arasında ekstradisiya sahəsində səmərəli əməkdaşlığın nəticəsi olaraq həmin şəxsin ekstradisiyasına razılıq verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.