TƏHSİL

Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı

DİM sədrinin sözlərinə görə, digər imtahan qrafikləri aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb.
Sputnik
BAKI, 25 fevral — Sputnik. Gələn həftədən ölkədə buraxılış imtahanları başlayır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.
DİM sədrinin sözlərinə görə, digər imtahan qrafikləri aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb: "Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə iştirakçılara yenə də 2 dəfə cəhd etmək imkanının verilməsi nəzərdə tutulur.
III qrup üzrə ilk imtahan 21 may, II qrup üzrə 22 may, I qrupa sənəd verən abituriyentlərin bir hissəsi 4 iyun, yerdə qalan hissəsi isə 5 iyunda imtahan verəcək. 5 iyunda IV qrup üzrə də imtahan keçiriləcək. II cəhd üzrə imtahanlar isə III qrup üzrə 6 iyul, II qrup üzrə 7 iyul, I qrup üzrə 20-21 iyul, IV qrup üzrə isə 21 iyul tarixində keçiriləcək. Cari və əvvəlki illərin məzunları eyni gündə imtahan verirlər.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 13-də ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirilib.
Bildirilib ki, sınaq imtahanında iştirakçılara 2022-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları təqdim olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.