CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ukraynadakı azərbaycanlılar niyə öz vətənlərində daşınmaz əmlak almağa başlayıblar?

Diaspor rəhbərinin sözlərinə görə, siyasi vəziyyətin gərginləşməsi Ukraynaya mənfi təsir göstərib. Nəticədə əhalinin iqtisadi vəziyyəti də pisləşib və Kiyev ən bahalı şəhərlərdən birinə çevrilib ki, bu da əsas amil sayıla bilər.
Sputnik
BAKI, 24 fevral — Sputnik. Diaspor rəhbərinin sözlərinə görə, siyasi vəziyyətin gərginləşməsi Ukraynaya mənfi təsir göstərib. Nəticədə əhalinin iqtisadi vəziyyəti də pisləşib və Kiyev ən bahalı şəhərlərdən birinə çevrilib ki, bu da əsas amil sayıla bilər.
Azərbaycanlıların öz vətənlərinə qayıdıb buradan daşınmaz əmlak almalarının səbəblərindən biri də Ukraynada vəziyyətin pisləşməsidir. Bu barədə Sputnik Azərbaycana Ukrayna Azərbaycanlıları Radasının sədri Ceyhun Məmmədov məlumat verib.
Bu yaxınlarda Bakıda qeyri-adi tendensiya müşahidə olunmağa başlayıb - Ukraynadan olan azərbaycanlılar sosial şəbəkələrdə Bakıdan daşınmaz əmlak almaq üçün elanlar paylaşırlar. Azərbaycan diasporunun rəhbəri bildirib ki, müxtəlif mənbələrin məlumatına əsasən, hazırda Ukraynada təxminən 350-500 min azərbaycanlı yaşayır.
"Son vaxtlar Ukraynanın iqtisadi vəziyyəti ötən illərlə müqayisədə çox kəskin şəkildə pisləşib. Hələ iki-üç il bundan əvvəl Bakı və Ukraynada həyat səviyyəsi əməlli-başlı fərqlənirdi. Onda Ukraynada bizneslə məşğul olmaq və yaşamaq üçün hər bir şərait var idi. Hazırda siyasi vəziyyətin gərginləşməsi Ukraynaya mənfi təsir göstərib. Nəticədə əhalinin iqtisadi vəziyyəti pisləşib və Kiyev ən bahalı şəhərlərdən birinə çevrilib ki, bu da birinci amil sayıla bilər", - deyə Məmmədov vurğulayıb.
O, ikinci səbəb kimi azərbaycanlıların vətənpərvərlik ruhuna köklənməsini qeyd edib: onların hər biri arzulayırlar ki, vətəninə qayıtsın, burada yaşamağa evi olsun.
"Ətrafımdakı azərbaycanlıların hamısı istisnasız olaraq öz vətənində evinin olmasını istəyirlər. Və müşahidələr göstərir ki, biznes üçün əvvəlki şəraitin olmaması, həyat səviyyəsinin və maaşlarının aşağı düşməsi insanları yaşamaq üçün yeni variantları axtarmağa vadar edir. Bu variantlardan biri də Azərbaycana qayıtmaqdır. Onlar təhsil almaq və bizneslə məşğul olmaq məqsədilə bu ölkəyə üz tutmuşdular", – deyə Məmmədov əlavə edib.
Bununla belə, Ukrayna Azərbaycanlıları Radasının rəhbəri onu da qeyd edib ki, hələlik azərbaycanlıların Ukraynadan öz vətənlərinə kütləvi şəkildə qayıtmasından danışmaq tezdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.