BAKI, 24 fevral - Sputnik. Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə ABŞ-ın müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı olub. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə nazirləri ikitərəfli münasibətləri və bölgədə təhlükəsizlik məsələlərini müzakirə ediblər. Söhbət zamanı Ukraynadakı son hadisələr ətrafında da fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu gün, fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətdə Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etdiyini bildirib.
"Şərait bizdən qətiyyətli və təcili addımların atılmasını tələb edir. Donbasın xalq respublikaları Rusiyaya yardım üçün müraciət ediblər. Bununla bağlı BMT Nizamnaməsinin 51-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, Federasiya Şurasının sanksiyası, Federal Məclis tərəfindən ratifikasiya olunmuş DXR və LXR ilə dostluq, eləcə də qarşılıqlı yardım barədə müqavilələrin icrası üçün mənim tərəfimdən xüsusi hərbi əməliyyat keçirilməsi barədə qərar qəbul olunub", - Putin telemüraciətində deyib.
O qeyd edib ki, kim kənardan bu prosesə qarışsa, cavabları sərt olacaq:
"Elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!"
(Xəbərdə Azərtac-ın məlumatından istifadə olunub)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.