İQTİSADİYYAT

Nazir Azərbaycanda yüksək dinamika olan sahələri açıqladı - CƏDVƏL

Ötən ay yüksək iqtisadi dinamika müşahidə olunan sektorlar açıqlanıb. İqtisadiyyat naziri "Facebook" səhifəsində paylaşım edib.
Sputnik
BAKI, 24 fevral — Sputnik. Yanvar ayı üzrə ümumi daxili məhsulun (ÜDM) tərkibində əlavə dəyərin real artımı, əsasən, turizm, ictimai iaşə, emal sənayesi, nəqliyyat, informasiya və rabitə sahələrində olub.
Sputnik Azərbaycan xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Facebook" səhifəsində bildirib.
"Bu sektorlarda ötən ilin müvafiq dövrü ilə müqayisədə yüksək dinamika qeydə alınıb", - nazir yazıb.
ÜDM istehsalı
Qeyd edək ki, 2022-ci ilin yanvar ayında ölkədə 9 milyard 257,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz çox ümumi daxili məhsul istehsal olunub.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 8,8 faiz artıb.
ÜDM istehsalının 54,4 faizi sənaye, 8,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,0 faizi tikinti, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4 faizi informasiya və rabitə, 1,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,6 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,2 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 922,2 manata bərabər olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.