SƏHİYYƏ

Azərbaycanda estetik cərraha üz tutan kişilər artıb: populyar əməliyyatlar

Tək-tək hallarda kişilərdə süd vəzinə görə müraciətlər olub.
Sputnik
BAKI, 24 fevral — Sputnik. Azərbayacanda qadınlarla yanaşı kişilər arasında estetik, plastik əməliyyatlara böyük maraq var.
Maraqlıdır, kişilər daha çox özlərində nədən narazıdır, hansı estetik və plastik əməliyyatlara görə müraciət edirlər?
Sputnik Azərbaycan-ın apardığı araşdırma nəticəsində bəlli olub ki, kişilər əksər hallarda burun, həmçinin el arasında "şəlpəqulaq"lıq kimi tanınan problemlə əlaqədar otoplastika əməliyyatına müraciət edirlər.
Plastik cərrah Mahmud İsmayılov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ümumiyyətlə, nəinki Azərbaycanda, bütün dünyada ən çox icra olunan estetik əməliyyat burun əməliyyatıdır:
"Azərbaycanda kişilər ən çox burun əməliyyatı üçün müraciət edir, bunun əsas səbəbi burundakı əyrilik, deformasiyayla əlaqədardır. Bəzən alınan travmalardan sonra nəfəsalmada problemlər olur. Lakin qeyd edim ki, sadə insanlardan fərqli olaraq şou əhli estetik görüntüyə görə müraciət edir".
Onun sözlərinə görə, burun əməliyyatından sonra kişilərin ən çox müraciət etdiyi əməliyyat növü otoplastikadır:
"Qulaq bir az qabağa əyiləndə ətrafdan kimsə söz atır. Məhz bu səbəbdən kişilər otoplastika əməliyyatına müraciət edirlər. Qiymətlər klinikadan, əməliyyatın növündən asılı dəyişir. Tək-tək hallarda kişilərdə süd vəzinə görə müraciətlər olub. Yəni, süd vəzinin yalançı böyüməsinə görə müraciətlər olub. Transseksuallar tez-tez müraciət edirlər, onların məsələsi aydındır. Lakin əsl kişilər tərəfindən başqa belə gözəllik naminə digər əməliyyat növlərinə müraciətlər olmayıb".
Mütəxəssis deyir ki, qadınların müraciət etdiyi digər estetik problemlər - məsələn, dodaqböyütmə ilə bağlı kişilər tərəfindən müraciət daxil olmayıb.
Qiymətlər nə qədərdir?
Qiymətlər həkimlə xəstə arasında kommersiya sirridir:
"Lakin qeyd edim ki, belə əməliyyatları fantastik qiymətə edənlər var. Belə olan halda elə düşünürlər ki, həkim qiyməti aşağı deyirsə, yəqin işi yaxşı bacarmır".
Əlaqə saxladığımız, kiçik prosedurları həyata keçirən estetik klinikalardan bildirilib ki, kişilər daha çox saç seyrəkliyinə, "çistka" - üz təmziləmə proseduruna, səpgilərin təmizlənməsinə, tatuajın silinməsinə, dırnaq göbələyinin, çapıqların müalicəsinə, bütün bədəndə tüklərdən azad olunmağa görə müraciət edirlər.
Bu cür estetik mərkəzlərin daimi müştəriləri var ki, onlar ayda bir dəfə lazerə, ildə iki dəfə isə üzünün "çistka" olunmasına görə müraciət edirlər.
Bu kiçik prosedurlara görə qiymətlər necədir?
Üzdəki səpkilərin, saç tökülməsinin müalicəsi, üzün təmizlənməsi, mezoterapiya, karbon pilinq, üzdəki qara nöqtələrin təmizlənməsi ayrılıqda 30 AZN, plazmaterapiya 60 AZN-dir.
Qeyd edək ki, Dövlət Statistika Komitəsində hələlik ki, 2021-ci ilə dair rəqəmlər hazır deyil.
Gün ərzində 5-6 saat ərzində demək olar ki, heç bir həkimlə danışmaq mümkün olmadı. Əlaqə saxladığımız bütün həkimlərin köməkçiləri həkimin əməliyyatda olduğunu dedilər, gün ərzində heç bir boş vaxtının olmayacağını, axşamadək xəstə qəbul edib, əməliyyatda olacaqlarını bildirdilər.
Yalnız günün sonuna doğru bu mövzuda bir mütəxəssislə danışa bildik. Bütün bunlar onu deməyə əsas verir ki, ölkədə estetik, plastik əməliyyatlara tələbat böyükdür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.