BAKI, 23 fevral — Sputnik. Fevralın 22-də Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə imzalanıb.
Özündə 43 bəndi birləşdirən bəyannamədə vacib istiqamətlərlə bağlı müddəalar əks olunub.
Sputnik Azərbaycan Moskvada imzalanmış Bəyannamə ilə bağlı hərbi ekspert Ruslan İmamquliyev və millət vəkili Elşad Mirbəşiroğlunun fikirlərini öyrənib.
Elşad Mirbəşiroğlu deyib ki, Azərbaycan-Rusiya münasibətləri daim inkişaf edib: "Prezident İlham Əliyev bu ilin əvvəlində Azərbaycan-Rusiya münasibətlərinin yeni bir mərhələyə keçəcəyini bildirmişdi. Bu Bəyannaməyə qədər də Azərbaycan-Rusiya münasibətlərində müttəfiqlik əlamətləri özünü göstərirdi".
Onun sözlərinə görə, həm Azərbaycan, həm Rusiya prezidenti iki ölkə arasında münasibəti strateji tərəfdaşlıq kimi səciyyələndiriblər:
"Rusiya Azərbaycanın digər ölkələr və təşkilatlarla əməkdaşlıq qurmasından narahatlıq keçirməyib. Çünki Rusiya görüb ki, bu əlaqələr onun maraqlarına qarşı yönəlməyib".
Millət vəkilinin fikrincə, Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı səmimiyyət əsasında formalaşıb: "Münasibətlərin dinamik inkişafı bunun bariz isbatıdır. Müttəfiqlik Bəyannaməsinin imzalanması ilə müttəfiqliyimiz rəsmiləşmiş oldu. Bəyannamədə yer alan müddəalar həm Azərbaycanın, həm də Rusiyanın maraqlarına cavab verir. Tərəflərin məqsədi öz maraqlarına uyğun birgə davranış imkanlarını həyata keçirməkdir. Eyni zamanda tərəflər bir-birinə qarşı olacaq hərəkətlərdən çəkinməlidirlər".
"Mən hesab edirəm ki, bu sənəd Cənubi Qafqaz regionunda təhlükəsizliyin təmin olunması baxımından təsirli rol oynayacaq, həm də yeni əməkdaşlıq imkanları yaradacaq. Azərbaycan azad edilmiş ərazilərdə effektiv məskunlaşmanı planlaşdırır. Həmçinin mühüm iqtisadi layihələrin reallaşdırılması üçün kommunikasiyaların bərpa edilməsinin vacibliyi hər kəsə bəllidir. Bəyannamədə xüsusi olaraq yer almış müddəalarda 2020-ci ilin 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr tarixlərində imzalanmış sənədlərdə təsbit olunmuş məqamlara uyğun addımların daha da intensiv şəkildə atılması ifadə olunub", – deyə millət vəkili vurğulayıb.
Hərbi ekspert Ruslan İmamquliyev bildirib ki, Azərbaycan və Rusiya arasında hər zaman qarşılıqlı balanslaşdırılmış siyasət olub. Onun sözlərinə görə, bu Bəyannamə də onun davamıdır: “Olduğumuz regionun vəziyyəti balans siyasətini qorumağımızı təşviq edir. Azərbaycanın əsas müttəfiqi sırasında Türkiyə olsa da, digər həmsərhəd ölkələrlə də müttəfiqliyini qorumalıdır. Bundan sonrakı proseslərin tənzimlənməsi üçün bu Bəyannamənin xüsusi önəmi var”.
Hərbi ekspert Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinə də toxunub və qeyd edib ki, ölkələrin bir-birinə hərbi dəstəyi ilə bağlı hər iki Bəyannamədə göstərilən müddəalar fərqlidir:
“Şuşa Bəyannaməsində birbaşa hərbi dəstəyin verilməsi qeyd edilib. Moskva Bəyannaməsində isə təhlükə yarandığı təqdirdə məsləhətləşmələr qeyd olunub. Azərbaycan bu Bəyannamə olmadan öncə də Rusiya ilə hərbi məsləhətləşmələr aparıb”.
“Azərbaycanla Rusiya arasında qarşılıqlı olaraq bir-birinin marağının qorunması daim olub. Xüsusən də Vətən Müharibəsində Rusiyanın bu istiqamətdə Azərbaycanın maraqlarına zidd davranmamasının şahidi olduq. Bu Bəyannamə münasibətlərin daha da irəli götürülməsini ehtiva edir”, – deyə R.İmamquliyev bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun: