MƏDƏNİYYƏT

Səxavət Məmmədovun oğlu illər sonra atasının qəbrini ziyarət edib - VİDEO

Hərbçilərimiz 2020-ci ilin noyabrında Ağdam rayonunun Abdal-Gülablı kəndində xanəndə Səxavət Məmmmədovun qəbrini tapıblar.
Sputnik
BAKI, 23 fevral — Sputnik. Mərhum xanəndə Səxavət Məmmədovun oğlu Şəhriyar illər sonra ilk dəfə atasının qəbrini ziyarət edib.
Sputnik Azərbaycan xəbər verir ki, həmin video sosial şəbəkədə yayımlanıb.
Qeyd edək ki, sənətçinin ölümündən 23 il sonra ikinci oğlunun olduğu məlum olub. 2014-cü ildə ATV-də yayımlanan "Öz aramızda" verilişinə qatılan Şəhriyar adlı gənc xanəndə Səxavətin ikinci nikahından dünyaya gəldiyini bildirib. Sürücü işlədiyini deyən Şəhriyar uşaq yaşlarından çətinlik çəkdiyini də açıqlayıb.
Sənətçinin böyük oğlu Bəxtiyar Məmmədov isə hazırda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşıdır və Azərbaycan Respublikasının İtaliyadakı səfirliyində çalışır.
Xatırladaq ki, Səxavət Məmmədov 1991-ci ildə avtomobil qəzası nəticəsində vəfat edib. Müharibə vəziyyətinə görə, Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşını kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırmaq mümkün olmayıb. Daha sonra isə ifaçının doğulduğu Abdal Gülablı kəndi işğal olunub. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qalmışdı.
Məlumat üçün bildirək ki, hərbçilərimiz 2020-ci ilin noyabrında Ağdam rayonunun Abdal-Gülablı kəndində mərhum azərbaycanlı xanəndə Səxavət Məmmmədovun qəbrini tapıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.