İQTİSADİYYAT

Samir Şərifov iclas çağırdı - DETALLAR

Maliyyə Nazirliyində kollegiya iclası keçirilib. 2021-ci il sosial-iqtisadi inkişaf baxımından təhlil edilib.
Sputnik
BAKI, 23 fevral — Sputnik. Bu gün Maliyyə Nazirliyində 2021-ci ilin dövlət büdcəsinin icrası və 2022-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Ötən il xalqımız və dövlətimiz üçün uğurlu bir il olub

Nazirlikdən Sputnik Azərbaycan-a bildiriblər ki, iclası giriş sözü ilə açan maliyyə naziri, Kollegiyanın sədri Samir Şərifov bildirib ki, 2021-ci il sosial-iqtisadi inkişaf baxımından xalqımız və dövlətimiz üçün uğurlu bir il olub. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş məqsədyönlü siyasət sayəsində ölkə iqtisadiyyatı COVİD-19 pandemiyasının mənfi təsirlərini və 2020-ci ildə yaşanan iqtisadi tənəzzülü geridə qoyaraq inamlı iqtisadi bərpa yoluna qayıdıb, 2020-ci ildəki iqtisadi kiçilməni makroiqtisadi proqnozlardan daha yaxşı göstərici nümayiş etdirməklə cəmi bir il ərzində - 2021-ci ildə bərqərar etməyə nail olub.

Büdcə qarşısında duran vəzifə və funksiyalar icra olunub

İqtisadi artımın proqnozla nəzərdə tutulduğundan daha da çox olmasının dövlət büdcəsinin gəlirlərinin artıqlaması ilə icrasını təmin etdiyini bildirən maliyyə naziri il ərzində büdcə qarşısında duran vəzifə və funksiyaların, proqramların icra olunduğunu, müdafiə, milli təhlükəsizlik, sosial təminat, koronavirusla mübarizə, pandemiyanın ölkə iqtisadiyyatına vurduğu mənfi təsirlərin azaldılması, əhalinin həssas sosial qruplarına və biznesə iqtisadi dəstək tədbirləri, investisiya, işğaldan azad edilmiş ərazilərin bərpası, mədəniyyət, idman və digər sahələrdə tədbirlərin maliyyələşdirilməsinin tam təmin edildiyini, eyni zamanda dövlət büdcəsi xərclərinin bəzi maddələri üzrə qənaətin əldə olunduğunu diqqətə çatdırıb.
2021-ci ilin dövlət büdcəsinin digər vacib elementi işğaldan azad olunmuş ərazilərdə, sərhəd zonasında və yüksək dağlıq yerlərdə xidmət edən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi və onlar üçün vəzifə maaşlarına xüsusi əlavələrin tətbiqi, maddi-texniki təminatının daha da yaxşılaşdırılması, həmin ərazilərdə müdafiə, hüquq mühafizə orqanlarının müvafiq xidmətlərinin təşkili ilə bağlı tələb olunan xərclərin tam həcmdə qarşılanması olub.
Nazir bildirib ki, ötən il büdcə qaydasının bərpası və onun təkmilləşdirilməsi, dövlət borcunun idarə olunması, həmçinin şəffaflığın və hesabatlılığın artırılması, ictimaiyyətin və vətəndaş cəmiyyəti institutlarının büdcə göstəricilərinə əlçatanlığının genişləndirilməsi istiqamətində də mühüm addımlar atılıb.

Ötən ilin dövlət və icmal büdcələrinin icra göstəriciləri

Kollegiya iclasında maliyyə nazirinin müavini Azər Bayramov ötən ilin dövlət və icmal büdcələrinin icra göstəriciləri barədə məlumat verərək bildirib ki, 2021-ci ilin dövlət və icmal büdcələrinin icrası müsbət dinamika ilə səciyyələnib. Belə ki, operativ məlumatlara əsasən, 2021-ci ildə icmal büdcənin gəlirləri 33 milyard 904 milyon manat və ya proqnoza qarşı 42,3 faiz çox - 10 milyard 76 milyon manat olub. İcmal büdcənin xərcləri 29 milyard 991 milyon manat icra olunub ki, bu da 2020-ci illə müqayisədə 830 milyon manat və ya 2,8 faiz çoxdur. İcmal büdcədə 7 milyard 335 milyon manat kəsirlə proqnozlaşdırılsa da, faktiki olaraq 3 milyard 913 milyon manat profisit yaranıb.
2021-ci ildə dövlət büdcəsinin gəlirləri isə 26 milyard 396 milyon manat və ya 103,8 faiz icra olunub ki, bu da 2020-ci illə müqayisədə 1milyard 715 milyon manat və ya 6,9 faiz çoxdur.
2021-ci il üçün dövlət büdcəsinin xərcləri 27 milyard 422 milyon manat və ya 96,1 faiz səviyyəsində icra olunub ki, bu da 2020-ci illə müqayisədə 1 milyard manat və ya 3,8 faiz çoxdur.
Dövlət büdcəsinin kəsiri 1 milyard 26 milyon manat təşkil edib ki, bu da proqnozlaşdırılan kəsirdən 2 milyard 90 milyon manat və ya 67,1 faiz azdır. A.Bayramov bildirib ki, kəsirin proqnoza qarşı daralmasına ilk növbədə fiskal orqanlar tərəfindən dövlət büdcəsinə daxilolmaların artıqlaması ilə təmin edilməsi və dövlət büdcəsinin xərclərinin qənaətlə icrası hesabına nail olunub.
Qeyd olunub ki, proqram təminatının tətbiqi dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda növbəti il və sonrakı üç il üçün büdcə layihələrinin tərtibi prosesini avtomatlaşdırmaqla nazirliyə daxil olan məlumatların və hesablamaların emalını sürətləndirəcək.

Maliyyə Nazirliyinin qarşısında duran vəzifələr

Kollegiya iclasında cari ildə Maliyyə Nazirliyinin qarşısında duran vəzifələr sırasında ilk növbədə 2023-ci il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin vaxtında və keyfiyyətlə hazırlanması və "Büdcə sistemi haqqında" Qanunda qoyulmuş tarixlərə uyğun olaraq aidiyyəti üzrə təqdim edilməsi ilə bağlı işlərin təşkilinin vacibliyi vurğulanıb.
Nazir Samir Şərifov ötən il beynəlxalq bazarlarda bir çox əmtəələrin qiymətlərinin əhəmiyyətli dərəcədə artmasının qlobal bazarın ayrılmaz iştirakçısı olan ölkəmizə də sirayət etdiyini, bir sıra mal və xidmətlərin, ələxsus da ərzaq məhsullarının qiymətlərinin bahalaşdığını qeyd edərək hökumət tərəfindən antiinflyasiya tədbirlərinin gücləndirildiyini bildirib.

Antiinflyasiya tədbirləri gücləndirilib

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, qiymət artımlarının ölkədə işgüzar fəallığa, əhalinin rifah və alıcılıq qabiliyyətinə mənfi təsirlərinin qarşısının alınması məqsədilə artıq antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında Nazirlər Kabinetinin sərəncamı imzalanıb və müvafiq dövlət orqanları qarşısında ciddi vəzifələr qoyulub.

Əsas hədəf dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına təzyiqin azaldılmasıdır

Hazırda aparılan ardıcıl kompleks tədbirlərin əsas hədəfləri dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına təzyiqinin azaldılması, əhalinin real gəlirləri və alıcılıq qabiliyyətinin qorunması, daxili istehsalın təşviq edilməsidir. Çevik və kompleks antiinflyasiya proqramının qısamüddətli dövrdə inflyasiya amillərini nəzarətdə saxlamağa imkan verəcəyini deyən Kollegiyanın sədri bu istiqamətdə Maliyyə Nazirliyi qarşısında qoyulan vəzifələrin icrasına dair aidiyəti struktur bölmələrə tapşırıqlar verib.
Nazir həmçinin, büdcə təşkilatlarında qanunvericiliyin tələblərinə uyğun mühasibat uçotunun təşkilinin vacibliyini vurğulayıb, mühasiblərin peşəkarlığının artırılmasının artıq günün tələbi olduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, "Mühasibat uçotu haqqında" qanunun tələblərinə əsasən büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasiblər olmalıdırlar. Bu baxımdan dövlət büdcəsindən maliyyələşən iri qurumlarda çalışan mühasibat işçilərinin təyinatı zamanı onların mühasibatlıq üzrə müasir bilik və bacarıqlara malik olmaları və müvafiq standartlara cavab vermələri əsas şərt kimi qoyulmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.