BAKI, 23 fevral — Sputnik. Şuşada konservatoriyanın filialı bərpa edilə bilər.
Sputnik Azərbaycan xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov "Yaradıcı sənayedə çağırışlar və biznes imkanları" mövzusunda ictimai müzakirədə deyib.
"Bildiyiniz kimi, mədəniyyət paytaxtımız olan Şuşada konservatoriyanın filialı olub. Hazırda Şuşa ilə bağlı Baş Plan hazırlanmaqdadır. Həmin planda oradakı mədəniyyət müəssisələrimizin bərpa edilməsi də nəzərdə tutulur. Konservatoriyanın bərpası ilə bağlı danışıqlar gedir, konsepsiya hazırlanır", - Kərimov deyib.
Nazirin sözlərinə görə, hələ 2019-cu ildə Mədəniyyət Nazirliyi tərəfindən yaradıcı sənayelərlə bağlı mühüm bir forum keçirilib. Çox vacib bir prosesin başlanğıcı olub. Həmin dövrdən nazirlik bu sahəni prioritet sahə kimi görür: "Hazırda yaradıcı sənayelərin inkişafı sahəsində fəaliyyətimiz çoxşaxəlidir. Bu sahədə olan qanunvericilikdə olan boşluqların aradan qaldırılması üzərində işləyirik. Bunlar əqli mülkiyyətin qorunması mexanizmlərinin tətbiqi, dataların yığılmasıdır. Əlimizdə etibarlı rəqəmlər olmalıdır. Hazırda bizdə olan məlumata görə, Ümumi daxili məhsulda (ÜDM) yaradıcı sənayenin payı təxminən bir-iki faiz təşkil edir. Düşünürük ki, bu rəqəm düz deyil, bu rəqəm on faizə yaxındır".
Nazir həmçinin bildirib ki, gələn aydan "Shusha talks" layihəsinə start veriləcək: "Yaradıcı insanlardan bu məsələdə məsləhətlər istəyəcəyik. Biz yaradıcı sənayelərə diqqət göstərməyə hazırıq. Qarşımızda işğaldan azad olunmuş ərazilərə yaradıcı sənayelərimizin qaytarılması kimi müqəddəs bir vəzifə də durur".
"Böyük qayıdış" layihəsindən söz açan nazir bildirib ki, həmin layihə təkcə orada abidələrin bərpası ilə məhdudlaşmır, ora həm də Azərbaycan ruhunun qaytarılmasıdır vacibdir: "Bildiyiniz kimi, cənab Prezident tərəfindən bu il "Şuşa ili" elan edilib. Biz istəyirik ki, yaradıcı insanlarımız bu işlərdə bizə yaxından kömək etsinlər".
Nazir həmin tədbirdə musiqi və incəsənət məktəblərində özəl sektora şərait yaradacağını da qeyd edib. O bildirib ki, kadrların yetişdirilməsi əsas prioritetlərdən biridir: "Bu məkanlar sahibkarlara güzəştli şərtlərlə veriləcək. Biz onlara şərait yaradacağıq ki, həmin məkanlarda treninqlər keçə bilsinlər. Əgər layihə uğurlu olarsa, bu işi davamlı həyata keçirəcəyik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.