BAKI, 23 fevral — Sputnik. Azərbaycan Milli Məclisinin deputatları Tahir Mirkişili və Soltan Məmmədov Yerevanda Göy məscidi ziyarət ediblər.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili paylaşım edib.
"Göy məsciddə olduq. Bildiyimiz qədər İrəvanda salamat qalan yeganə Azərbaycan abidəsidir. Divarlarında başqa dövlətə aid yazılar olsa da, divarları, arxitekturası, ruhu sırf bizə aiddir. Biz bu doğmalığı hiss etdik, inanıram ki, məscid də. İnanırıq ki, bu məsciddə əsl sahibləri tezliklə öz dualarını edə biləcəklər. Azərbaycanlıların duaları isə daim xeyirxah olur və yekunda da qəbul olunur", - komitə sədri qeyd edib.
Xatırladaq ki, fevralın 22-də Yerevanda AVRONEST PA-nın komitə iclasları keçirilib. Tədbirdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.