MƏDƏNİYYƏT

Bu gün Həsənağa Turabovun anım günüdür - VİDEO

Aktyor Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib.
Sputnik
BAKI, 23 fevral — Sputnik. Bu gün Azərbaycanın görkəmli aktyoru, mərhum Xalq artisti Həsənağa Turabovun anım günüdür. Sputnik Azərbaycan xəbər verir ki, H.Turabov 2003-cü ilin fevralın 23-ü vəfat edib. Həsənağa Turabov 1938-ci il martın 24-də Bakı şəhərində anadan olub. 31 saylı orta məktəbdə təhsil alıb.
Orta məktəbi bitirdikdən sonra İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb.
1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilib, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulub.
Həsənağa Turabov Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib. Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilib, Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib. Ağasadıq Gəraybəyli, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Mehdi Məmmədov, Adil İsgəndərov və neçə-neçə başqa sənətkarlarla tərəf-müqabil olub. Səhnədə yaratdığı rollar arasında Vahid ("Kəndçi qızı"), Azər ("Yaxşı adam"), Hamlet ("Hamlet"), Lionel ("Orman qızı"), İsgəndər ("Ölülər") Xəyyam ("Xəyyam") xüsusilə seçilir.
Həsənağa Turabov bir sıra bədii filmlərdə, o cümlədən, televiziya filmlərində maraqlı və yaddaqalan surətlər yaradıb. "Yeddi oğul istərəm" filmindəki Gəray bəy obrazı onun ən yaddaqalan rollarındandır.
Onun digər bir yaddaqalan rolu "Babək" filmində yaratdığı Afşin roludur. Həsən Turabovun "Axırıncı aşırım", "Çarvadarların izi ilə", "Ürək... Ürək...", "Sevinc buxtası", "Dantenin yubileyi", "Qəm pəncərəsi", "Bəyin oğurlanması" və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilir.
"Qanlı zəmi" filminin isə rejissoru olub. Əbdül Mahmudovla birlikdə çəkdiyi filmdə həm də baş rolu - Nəbi obrazını canlandırıb. Onun son çəkildiyi filmlər isə Rüstəm İbrahimbəyovla Ramiz Həsənoğlunun "Ailə" və Eldar Quliyevin "Nə gözəldir bu dünya..." filmləri olub.
Xalq artisti filmlərə çəkilməklə yanaşı, bir çox filmləri səsləndirib. "Dağlarda döyüş", "Sən niyə susursan?", "Yenilməz batalyon", "Qaraca qız", "Bizim Cəbiş müəllim", "Gün keçdi" və s. kimi filmləri səsləndirib.
Həsən Turabovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyəti də səmərəli olub. O, zəngin təcrübəsinə əsaslanaraq, gənclərin bu nəcib, eyni zamanda mürəkkəb sənətin incəliklərinə yiyələnməsi və Azərbaycan teatrının ənənələrini davam etdirə biləcək sənətkarların yetişdirilməsi işində əlindən gələni edib.
H.Turabov 2003-cü ildə vəfat edib. O, "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.