BAKI, 22 fevral — Sputnik. "Azərxalça" ASC-nin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvada "Xalq Təsərrüfatı Nailiyyətləri" sərgisi çərçivəsində "Azərbaycan" pavilyonunda "Azərbaycan xalçaları: Yeni baxış" adlı sərgi açılıb.
Sputnik Azərbaycan xəbər verir ki, Rusiyada keçirilən "Moskvada Azərbaycan günləri" çərçivəsində təşkil olunmuş sərgidə "Qarabağ" qrupuna aid 44 xalça nümayiş etdirilir. Onlardan dördü yeni orijinal formatda olan müasir kolleksiyadandır.
Sərgilənən eksklyuziv xalçalar "Azərxalça"nın yaradıcı kollektivinin Azərbaycanın Əməkdar rəssamı Rəşad Ələkbərovla iş birliyinin məhsuludur.
"Azərxalça"nın İdarə Heyətinin sədri Emin Məmmədov "Report"a bildirib ki, sərgilənən xalçaların hamısı "Qarabağ" qrupuna aiddir. "Biz ənənəvi klassik Qarabağ xalçalarına artıq yeni baxış nümayiş etdiririk, müasir, konseptual, XXI əsrin interyerinə uyğun xalçalar təqdim edirik.
Siz burada məhdud 44 sayda buraxılan xalçalarımızın nümunələrini görürsünüz. Bu xalçalar "Qarabağ" qrupuna aid "Qasımuşağı" xalçalarının əsasında rəssam Rəşad Ələkbərovun dizaynı üzrə hazırlanıb. Kolleksiya rəmzi 44 sayda xalçadan ibarətdir".
O qeyd edib ki, ekspozisiyada həmçinin "Qarabağ" qrupuna aid məşhur "Əjdahalı" xalçalar da yer alıb.
"Burada məşhur "Əjdahalı" xalçalarımız müasir görünüşdə sərgilənir. Bizim əsas məqsədimizdən biri də müasir Azərbaycan xalçalarını tanıtmaqdır. Azərbaycanda bütün incəsənət növləri inkişaf edir.
Niyə xalçamız da inkişaf etməsin? İndi müxtəlif hərraclarda qədim Azərbaycan xalçaları satılır, dünyanın ən tanınmış muzeylərində qədim xalçalarımız nümayiş etdirilir. Biz istərdik ki, 50-100 il sonra həm qədim, həm də indi toxunan xalçalarımız əntiq xalçalar kimi sərgilənsin, hərraclarda satılsın".
"Azərbaycan" pavilyonun rəhbəri Səadət Kadırova isə bildirib ki, bu gün Moskvada keçirilən "Azərbaycan günləri" çərçivəsində Moskva sakinləri və Rusiya paytaxtının qonaqlarına "Azərbaycan xalçaları: Yeni baxış" adlı sərgi təqdim olunur.
"Sərgidə Azərbaycan xalçaçılıq ənənələri müasir rakursdan təqdim edilir, həm klassik ifada, həm də müasir dizaynda xalçalar göz oxşayır. "Azərbaycan rəhbərliyi xalçaçılıq sənətinin inkişafına böyük diqqət və qayğı göstərir. Mənə çox xoşdur ki, bu nəfis xalçalar, incəsənət nümunələri pavilyonumuzda sərgilənir", - deyə o vurğulayıb.
Sərgi çərçivəsində, həmçinin, Heydər Əliyev Fondunun daha bir layihəsi, dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Yeddi gözəl" poeması əsasında "Dildən dilə" ədəbiyyat layihəsi də təqdim edilir. Layihə çərçivəsində Rusiya və Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin "Yeddi Gözəl" poemasından parçalar səsləndirdikləri videoçarx göstərilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.