BAKI, 22 fevral — Sputnik. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Multikulturalizm Tədqiqat Mərkəzinin rəhbəri professor Məhəbbət Paşayevanın koordinatorluğu ilə "Qədim Qafqaz Albaniyası irsinin elmi veb-səhifəsinin hazırlanması" layihəsinin icrasına başlanılıb.
Sputnik Azərbaycan xəbər verir ki, layihə Qafqaz Albaniyasının tarixi, dini-mədəni abidələri, alban xristian irsi haqqında respublika və beynəlxalq əhəmiyyətli mühüm elmi nəşrlərin, arxiv sənədləri və faktoloji materialların vahid elektron bazada toplanması və Azərbaycan, ingilis, rus dillərində beynəlxalq elmi ictimaiyyətə təqdim edilməsi, Qafqaz Albaniyası tarixi və mədəniyyəti ilə bağlı həqiqətlərin, xüsusilə də işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində alban abidələrinə qarşı törədilmiş vandalizm aktlarının beynəlxalq aləmdə tanıdılması məqsədi daşıyır.
Qafqaz Albaniyasının tarixi ilə bağlı bütün məlumatların yer aldığı, elektron elmi arxiv rolunu oynayacaq saytdan həm yerli, həm də beynəlxalq elmi ictimaiyyətin, tədqiqatçıların, həmçinin orta və ali məktəb tələbələrinin, Qafqaz Albaniyasının tarixi ilə maraqlanan hər kəsin bəhrələnmək imkanı olacaq.
Üç ay davam edəcək layihə UNEC Multikulturalizm Tədqiqat Mərkəzi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu ilə birgə elmi əməkdaşlıq çərçivəsində icra olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.