BAKI, 22 fevral — Sputnik. Bu gün yazıçı-dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadənin doğum günüdür. Sputnik Azərbaycan xəbər verir ki, o 1869-cu il fevralın 22-də Naxçıvan şəhərində anadan olub. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində alıb. 7 iyun 1887-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasını (Qori) bitirib, bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik edib. İlk bədii əsəri sayılan "Çay dəstgahı"(1889) alleqorik pyesini, "Danabaş kəndinin əhvalatları" (1894-1936 cı ildə nəşr olunmuşdur) hekayəsini də bu dövrdə yazıb.
Cəlil Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində "Şərqi - Rus" qəzetinin və onun redaktoru M.Şahtaxtlının mühüm rolu olub. 1903-cü ildə yaratdığı "Poçt qutusu" əsəri 1904-cü ildə elə "Şərqi-Rus" qəzetində çap olunub. 1906-cı ildə Tiflisdə "Molla Nəsrəddin" jurnalının ilk nömrəsi işıq üzü görür və müəyyən fasilələrlə nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunur.
"Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoydu və "Molla Nəsrəddin" adı ilə məşhur oldu. Elə həmin vaxtda onun Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi yarandı. C.Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, "Qeyrət" mətbəəsində axtarışlar aparır, bəzən də "Molla Nəsrəddin"in nəşrini dayandırırdı.
Jurnalın Rusiya ilə yanaşı, Asiya, Avropa və Amerikanın bir sıra ölkələrində abunəçiləri var idi. Cəlil Məmmədquluzadənin zəngin bədii irsi, onun "Molla Nəsrəddin" jurnalı Yaxın və Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ədəbi-ictimai fikrin, inqilabi-demokratik hərəkatın inkişafına qüvvətli təsir göstərib.
Cəlil Məmmədquluzadə publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını yalnız məzmunca deyil, formaca da zənginləşdirib. Onun "Poçt qutusu", "Usta Zeynal", "İranda hürriyyət", "Qurbanəli bəy" kimi hekayələri, məşhur "Ölülər" komediyası Azərbaycan realizmi və satirası tarixində şərəfli yer tutur. Yaradıcılığında milli şüur ("Anamın kitabı", 1919), məktəb tərbiyəsi, ümumiyyətlə xalq maarifi ("Danabaş kəndinin məktəbi", 1921) problemlərinə geniş yer verilib.
C.Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə edilib. Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına, Naxçıvan Muxtar Respublika Dövlət Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilib. Keçmiş Astraxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. Naxçıvanda və Cəlilabadda heykəli qoyulmuşdur. Bakıda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılıb.
4 yanvar 1932-ci ildə Bakı şəhərində vəfat etmiş ədibin qəbri Fəxri xiyabandadır. Cəlil Məmmədquluzadənin nəvə-nəticələri bu gün dünyanın müxtəlif ölkələrində (Fransa, Polşa və İranda) yaşayırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.