BAKI, 22 fevral — Sputnik. İqtisadiyyat Nazirliyinin və Nazirliyin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) benefisiarları olduğu və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən "Daha əlverişli KOB mühitinin yaradılması və rəqabət qabiliyyətinin artırılmasında Azərbaycan Hökumətinə dəstək" və "Azərbaycanın kənd yerlərində sahibkarlığın inkişafına dəstək" layihələri başa çatıb.
Sputnik Azərbaycan xəbər verir ki, layihələrin məqsədi kənd yerlərində sahibkarlığın və KOB-ların inkişafına, onların rəqabətqabiliyyətinin artırılmasına dəstək olmaqdır. Layihələr çərçivəsində benefisiar təşkilatların əməkdaşlarının potensialının və bacarıqlarının gücləndirilməsi məqsədilə ümumilikdə 400 nəfərdən çox əməkdaş üçün müxtəlif təlim, seminar və dəyirmi masalar təşkil olunub, Türkiyə, İspaniya, Rumıniya və Yunanıstana təcrübə səfərləri təşkil olunub.
Sahibkarlığın və KOB-ların inkişafını dəstəkləyən müxtəlif sənədlər, tövsiyələr və tədris materialları hazırlanıb, regionlarda fəaliyyət göstərən startapların iştirakı ilə "İdeyadan uğurlu biznesə" startap müsabiqəsi keçirilib, KOBİA-nın KOB inkişafı mərkəzlərinin səmərəliliyinin ölçülməsi üçün rəqəmsal monitorinq və qiymətləndirmə sistemi yaradılıb və digər tədbirlər həyata keçirilib.
Sözügedən layihələr iqtisadi siyasətin prioritet istiqamətlərini əhatə etməklə bu sahədə fəaliyyətin dəstəklənməsinə yönəlib. Layihələr çərçivəsində əldə olunan nəticələr KOBİA-nın və digər benefisiar qurumların fəaliyyətinə müsbət təsirini göstərəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!