BAKI, 22 fevral — Sputnik. Ötən gün Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, SSRİ Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət mükafatı laureatı İsmayıl Dağıstanlının 115 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Mədəniyyət Nazirliyinin və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə keçirilən tədbirdə xalq artistləri Hacı İsmayılov və Rafiq Əzimov İsmayıl Dağıstanlının Azərbaycan teatrı və kinosunun inkişafındakı xidmətlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Xalq artisti Hacı İsmayılov bildirib ki, İsmayıl Dağıstanlı haqqında danışanda Azərbaycan teatrının intibah dövrü yada düşür. Sənətkar Akademik Milli Dram Teatrının səhnəsində bir-birindən maraqlı, yaddaqalan obrazlar yaradıb, teatrsevərlərin yaddaşında unudulmaz izlər qoyub: "İsmayıl Dağıstanlı hərtərəfli, maraqlı adam idi. O, təkcə aktyor deyildi, eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olur, özündən sonra tələbələr yetişdirirdi. Bizim aktyor kimi yetişməyimizdə İsmayıl müəllim kimi aktyorların böyük rolu olub. Onun kimi sənətkarların sayəsində biz sənəti və teatrı sevmişik".
Akademik Milli Dram Teatrında "Mənim günahım" tamaşasının nümayişi
© Photo : Courtesy of Azerbaijan State Academic National Drama Theatre
Xalq artisti Rafiq Əzimov tədbir iştirakçıları ilə İsmayıl Dağıstanlı haqqında xatirələrini bölüşüb, onu unudulmaz sənətkar və insan kimi dəyərləndirib: "Bu böyük sənətkarla mən çox tamaşalarda tərəf müqabili olmuşam. İsmayıl Dağıstanlının çox gözəl yaradıcılıq fəaliyyəti vardı. Onun səhnəyə qədəm qoyması çox böyük çətinliklər bahasına başa gəlmişdi. Çünki o dövrdə səhnəyə çıxmaq böyük hünər istəyirdi. İsmayıl müəllim teatrın həyatında çox fəal idi, xeyirxah işlərlə məşğul olurdu. Həmişə insanlara əl tutub, yardım edib. Ona görə də bu gün İsmayıl Dağıstanlı kimi sənətkarlar bizim qəlbimizdə yaşayır".
Akademik Milli Dram Teatrında "Mənim günahım" tamaşasının nümayişi
© Photo : Courtesy of Azerbaijan State Academic National Drama Theatre
Daha sonra İsmayıl Dağıstanlının xatirəsinə həsr olunmuş Xalq yazıçısı İlyas Əfəndiyevin "Mənim günahım" pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub. Tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.
İkihissəli dramatik və etiraf dolu səhnə əsərinin quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Akademik Milli Dram Teatrında "Mənim günahım" tamaşasının nümayişi
© Photo : Courtesy of Azerbaijan State Academic National Drama Theatre
Maraqlı səhnə yozumu olan, müasir həyat həqiqətləri və romantik bir sevgi dastanını xatırladan səhnə əsərində rolları Xalq artistləri Məleykə Əsədova, Hacı İsmayılov, əməkdar artist Əlvida Cəfərov, Elşən Rüstəmov, Elnar Qarayev, aktyorlar Dilarə Nəzərova, Rüstəm Rüstəmov, Ləman İmanova, Cümşüd Zeynalov və Rada Nəsibova canlandırıb.
Qeyd edək ki, 1967-ci ildə qələmə alınan pyesin ilk tamaşası elə həmin ildə Əşrəf Quliyevin quruluşunda təqdim edilib. Pyesin motivləri əsasında 1985-ci ildə eyniadlı ekran əsəri də yaradılıb. Yarım əsrlik zaman fasiləsindən sonra Akademik Milli Dram Teatrı yenidən bu pyesə müraciət edib.