BAKI, 22 fevral — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Aİ-nin xüsusi nümayəndəsinin Bakıya səfəri çərçivəsində bir sıra önəmli məsələlər müzakirə edilib.
Sputnik Azərbaycan Toivo Klaarın Bakıya budəfəki səfəri ilə bağlı millət vəkili Fazil Mustafanın və politoloq Elxan Şahinoğlunun fikirlərini öyrənib.
Millət vəkili Fazil Mustafa bildirib ki, Prezident İlham Əliyevin Brüsselə son səfərindən sonra çox ciddi əməkdaşlıq perspektivləri ortaya çıxıb: "Yeni situasiyaya uyğun olaraq formaşalaşan əməkdaşlıq perspektivi bəlli bir inteqrasiya istiqamətində konkret addımların atılmasını nəzərdə tutur. Çox güman ki, xüsusi nümayəndənin səfəri buna görə baş tutub".
Millət vəkili hesab edir ki, bu səfər bölgədəki vəziyyətlə bağlı da müzakirələr aparılıb: "Azərbaycanın bölgədə apardığı təmizləmə əməliyyatından sonra yeni quruculuq siyasəti də müzakirələrin mərkəzində yer alıb. Düşünürəm ki, Avropa İttifaqı bölgənin gələcəyi və müharibədən sonra cərəyan edən proseslərdən kənarda qalmaq istəmir. Proseslərdə rol almaq istəyən Aİ əlaqələrin inkişaf etdirilməsi və məsləhətləşmələrin aparılmasına zərurət duyur. Azərbaycan prezidenti ölkəmizin maraqlarını ətraflı şəkildə Aİ nümayəndəsinin diqqətinə çatdırıb. Azərbaycan ümid edir ki, Aİ-nin qərəzli yanaşması sona çatacaq, bölgə ilə bağlı daha obyektiv yanaşmalar ortaya qoyulacaq".
Toivo Klaarın budəfəki səfəri çox əhəmiyyətlidir deyən politoloq Elxan Şahinoğlu bildirib ki, bu məsələyə son vaxtlar Aİ və Azərbaycan arasında genişlənən əlaqələr prizmasından baxıla bilər:
"Ruisya-Ukrayna arasında gərginliyin artması fonunda Avropanın yanacağa, qaza ehtiyacı var və bu istiqamətdə bir neçə ölkə ilə danışıqlar gedir. Bu ölkələrdən biri də Azərbaycandır. Ona görə də Azərbaycanın enerji resurslarının əhəmiyyəti Avropada artıb".
Politoloq hesab edir ki, müzakirə mövzuları içində Azərbaycan-Ermənistan arasında baş verənlər də önəmli yer tutub: "Avropa bu prosesdə vasitəçi kimi çıxış edir. Digər istiqamət isə Azərbaycanla Aİ arasında imzalanacaq sazişdir. Müxtəlif zamanlarda sazişin üzərində iş getməsi barədə məlumatlar yayılıb. Təəssüf ki, bu prosesdə ləngimələr var".