CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qulu Məhərrəmli: Efirə çıxan aparıcının dili qüsursuz olmalıdır

Professorun sözlərinə görə, xəbər materiallarının dili bəzən "capy-paste" olduğundan çox biabırçı görünür. Biri səhv yazır, hamısı o səhvi təkrar edir.
Sputnik
BAKI, 21 fevral — Sputnik. Bu gün bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Bəs görəsən, Azərbaycan dilinin qorunması işi necə təşkil olunub?
Teletənqidçi, filologiya elmləri doktoru Qulu Məhərrəmlinin Sputnik Azərbaycan-a verdiyi açıqlamaya görə müstəqillik dönəmində ana dili daha işlək olub. Çünki, onun tətbiq sahələri çoxalıb. Dövlət idarələrindən tutmuş, adi sosial şəbəkəyə qədər Azərbaycan dilinin işlənməsi genişlənib, həm də müəyyən keyfiyyət səviyyəsi qazanıb:
"Bu gün adi danışıqdan sonra dilin daha çox işləndiyi sahə mətbuat dilidir. KİV-i müxtəlif kateqoriyalara bölmək olar. Var klassik media, hansı ki, bu media dilə çox keyfiyyətli yanaşır. Onların materiallarının məzmunundan narazılıq etmək olar, amma dilin ədəbi normalarına diqqət edirlər".
Ana dili abidəsi
Q.Məhərrəmli bildirir ki, yeni yaranmış media, yəni saytlarda vəziyyət bərbaddır, ədəbi normalar tez-tez pozulur:

"Söz sırasının pozulması, xüsusi adların və cümlə quruluşunun yazılışında çox ciddi nöqsanlar var. Bəzən cümləni oxuyursan, uzlaşma əlaqəsinin pozulduğunu görürsən. Dilin qaydaları, dilin gözəlliyi bu materiallarda görünmür. Xəbər materiallarının dili bəzən "capy-paste" olduğundan çox biabırçı görünür. Biri səhv yazır, hamısı o səhvi təkrar edir".

Professor vurğulayır ki, əslində bu gün Azərbaycan dili kimi dillərin yaşadılması üçün deyil, daha çox azsaylı xalqların dilinin qoruması üçün qeyd olunur. Amma bu, bizə xatırladır ki, biz də Azərbaycan dilinin daşıyıcıları kimi bu dilin qaydalarını qorumalıyıq, normalara əməl etməliyik, səhvsiz yazmalıyıq, qüsursuz danışmalıyıq:
"Dilin normalarına əməl etmək üçün bu dili öyrənmək lazımdır. Bunun üçün də natiqlər, publisistlər, yazarlar cəmiyyətdə müəyyən mənada bələçilik etməlidirlər".
Ekspert yazılı dildəki nöqsanlarla yanaşı, danışıq dilindəki nöqsanlardan da söz açıb. Onun sözlərinə görə, yazılı dildən fərqli olaraq, televiziya dili ekspressivdir, spontan çıxışlar daha çox olur:
Rafiq Hüseynov
"Canlı verilişlərin dili müəyyən bir seqment təşkil edir. Bunu da iki kateqoriyaya bölmək olar. Müəyyən ənənəsi olan televiziyalar - Azərbaycan televiyası və radiosu, İctimai televiziya. Hərçənd ki, indi onların da xəbər proqramlarının sujetlərinin mətinləri lazımi şəkildə redaktə olunmur. Amma ümumən götürdükdə, xəbər proqramlarının dili normaldır. Bizdə televiziya və radio verilişlərində ən ciddi nöqsanlar əyləncə, şou proqramlarındadır. Qonaqlar dəvət olunur, onların dil səviyyəsini müzakirə etmək istəmirəm. Çünki bu, cəmiyyətin problemidir. Amma televiziya aparıcını efirə çıxarırsa, onun dili qüsursuz olmaldır".
Həmsöhbətimiz qeyd edir ki, Dövlət Dil İdarəsi yanında Monitorinq Mərkəzi davamlı olaraq televiziya verilişlərinin və reklamların dilini monitorinq edib, qurumların diqqətinə çatdırırlar. Bunu indikator kimi qəbul etmək olar ki, artıq televiziyalarda adı olub, özü olmayan dil şuralarının işini bu monitorinq mərkəzi görə bilər. Verilişlərdə alınma sözlərin istifadəsinə gəldikdə isə, teletənqidçi bildirir ki, buna xüsusi həssaslıqla yanaşılmalıdır. Bizdə o sözün qarşılığı varsa, çalışmaq lazımdır ki, o sözdən istifadə edilsin:

"Ümumən götürdükdə, dildə dinamik inkişafı görürük. Alınma sözləri xəbərlərdə, analitik verilişlərdə işlədirlər. Bu, normaldır. Türkcə danışanlarımızın sayı çoxalıb. Tükriyədən gələn sözlər leksikamıza ciddi şəkildə daxil olub. Amma proses 90-cı illərin əvvəllərindəki kimi deyil. Onda daha böyük dalğa gəlmişdi. O zamanlar daha çox türk sözləri işlənirdi. Onların xeyli qismi aradan çıxdı, işlənənlər də qaldı.

Məsələn, "durum", "gələnək" və s.. "Dəstəkləmək" sözünü onlardan götürdük, amma sonra məlum oldu ki, o sözün kökü bizdə var. Dil qaydalarına görə, eyni kökdən gələn sözlər alınma sayılmır. Bir zamanlar rus sözləri dilimizdə daha çox daxil olmuşdu. İndi fransız, ingilis sözləri daha çox daxil olub. Xüsusən texnologiya sahəsində, sosial sferada. siyasət sahəsində bu sözlər daxil olub, oturuşub və indi də çox aktiv işlənir. Müharibə dönəmində də xeyli sözlər dilimizə gəldi".
Qeyd edək ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
2002-ci il sentyabrın 30-da "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub.
Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.