İQTİSADİYYAT

Azərbaycanda əkilməyən icarə torpaqları geri alınır - VİDEO

Kənd təsərrüfatı torpaqları yenidən iqtisadi dövriyyəyə cəlb edilir. Daha ətraflı Sputnik Azərbaycan-ın materialında.
Sputnik
BAKI, 21 fevral — Sputnik. Azərbaycanda səmərəsiz istifadə olunan torpaq sahələri geri alınaraq başqalarına istifadəyə verilir. Son 6 ildə 43 rayon (şəhər) üzrə mindən çox hüquqi və fiziki şəxs tərəfindən səmərəsiz istifadə olunan 254 min 135 hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaq geri qaytarılaraq təkrar istifadəyə verilib. Bununla da torpaq sahələrinin daha səmərəli şəkildə istifadəsi üçün zəmin yaradılıb.
Geri alınma mülkiyyət sənədi olan torpaqlara aid deyil
Kənd təsərrüfatı torpaqlarının yenidən iqtisadi dövriyyəyə cəlb edilməsi ilə bağlı iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, geri alınma mülkiyyət sənədi olan torpaqlara aid deyil:
"Lakin yerli icra hakimiyyətinin və ya bələdiyyənin qərarı ilə uzunmüddətli (30-49 il) istifadəyə verilən torpaqlar 2 il müddətində istifadə edilmirsə, həmin torpaqların geri alınması barədə rəsmi qərar verilə bilər. Bununla bağlı qanunvericiliyə dəyişikliklər edilib. Çünki əkilməyən torpaq sahələri var idi. Bir çox hallarda rayonlarda uzunmüddətli icarəyə götürülən torpaqlarda heç bir iş görülmürdü. Söhbət ölkə üzrə minlərlə hektar ərazidən gedirdi. Həmin torpaq sahələrini kənd təsərrüfatına cəlb etmək üçün qanunvericiliyə dəyişiklik edildi. Bu, müsbət addımdır".
Natiq Cəfərli
Səmərəsiz istifadə olunan örüş-otlaq sahəsinin təyinatının dəyişdirilərək icarəyə verilməsi məsələsinə də toxunan ekspert bildirib ki, burada vahid yanaşmanın tətbiqi doğru deyil, bu, yerdən-yerə fərqlənir: "Bəzi yerlərdə buna zərurət var. Bəzi yerlərdə isə daha çox araşdırmaya ehtiyac var. Fərdi yanaşma, fərdi araşdırmanın aparılması daha yaxşı olardı".
Bəzi fermerlər kiçik torpaqları olduğuna görə əziyyət çəkir
İqtisadçının fikrincə, kənd təsərrüfatı ilə məşğul olanların həmin torpaq sahələrinə çıxış əldə etməsi daha vacibdir:
"Fermerlər var ki, kiçik torpaqları olduğuna görə əziyyət çəkirlər. Bu, maya dəyərini yüksəldir və s. Həmin fermerlərə bu torpaqlara çıxış əldə etmək imkanının yaradılması effektivliyin artırılmasında mühüm rol oyana bilər".
Torpaqların əkin dövriyyəsinə qaytarılması üçün təhlil aparılır
Əmlak Məsələləri Dövlət Xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib ki, ölkədə torpaqların dövlət idarəetməsinin təkmilləşdirilməsi, səmərəli istifadəsi, torpaq istifadəçiliyində gəlirliliyin artırılması istiqamətində mühüm tədbirlər görülür:
"Bu məqsədlə beynəlxalq təcrübəyə əsaslanan mütərəqqi idarəetmə üsulları və yeni texnologiyalar tətbiq edilir, boş və istifadəsiz qalan torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması üçün təhlillər aparılır, yenidən əkin dövriyyəsinə cəlb olunur, torpaqların rentabelliliyi təmin edilir".
254 min 135 hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaq geri qaytarılıb
Yerli icra hakimiyyətlərinin məlumatına əsasən, 2016-2021-ci illər ərzində 43 rayon (şəhər) üzrə 1337 hüquqi və fiziki şəxs tərəfindən səmərəsiz istifadə olunan 254 min 135 hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaq geri qaytarılaraq təkrar istifadəyə verilib. Bununla da torpaq sahələrinin daha səmərəli şəkildə istifadəçiliyi üçün zəmin yaradılıb.
Torpaqların təyinatı dəyişdirilir
Torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, həmçinin aqrar sahənin inkişafı ilə bağlı torpaqların təyinatının dəyişdirilməsi istiqamətində də tədbirlər həyata keçirilir. 2021-ci il ərzində 29 müraciət üzrə 5346 hektar torpaq sahəsinin kateqoriyası Nazirlər Kabinetinin sərəncamları ilə dəyişdirilib.
Səmərəsiz istifadə olunan örüş-otlaq sahələri icarəyə verilib
Ümumilikdə isə, səmərəsiz istifadə olunan 252 min 487 hektara yaxın örüş-otlaq sahəsinin təyinatı Nazirlər Kabinetinin müvafiq qərarları ilə dəyişdirilib. Həmin ərazilərin 239 min 568 hektarı 51 aqroparkın, 24 iri təsərrüfatın və 38 digər hüquqi və fiziki şəxslərin icarəsinə verilib.
Təyinatı dəyişdirilən torpaqlarda aqroparkların yaradılması ərzaq təhlükəsizliyinın möhkəmləndirilməsi baxımından önəmli tədbirlərdəndir. Təyinatı dəyişdirilən torpaq sahələrinin gəlirlilik potensialı da artırılır.
Əmlak Məsələləri Dövlət Xidməti torpaqların dövlət idarəedilməsində müasir yanaşmaların tətbiqini, effektiv üsullar həyata keçirməklə torpaq münasibətlərinin tənzimlənməsi istiqamətində tədbirləri davam etdirəcək.
Torpağın becərilməsi
Pay torpaqlarının sənədləşdirilməsinə başlanılıb
Qeyd edək ki, ötən ilin sonunda mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsinə başlanılıb. Bununla bağlı, Əmlak Məsələləri Dövlət Xidməti pay torpaqlarına dair çıxarışı olmayan vətəndaşlara yerlərdə səyyar qeydiyyat xidməti göstərir. Bu istiqamətdə görülən işlər Azərbaycan Prezidentinin "Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında" 7 oktyabr 2021-ci il tarixli fərmanına uyğun olaraq həyata keçirilir.
Artıq ölkənin bir çox rayonlarında (Beyləqan, İmişli, Bərdə, Saatlı, Ağsu, Kürdəmir, Şamaxı, Qax, Yardımlı, Ağstafa, Sabiraba, Neftçala) vətəndaşlara səyyar qeydiyyat xidmətləri göstərilib. Mülkiyyət sənədləri almamış vətəndaşlar ödənişsiz şəkildə, yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə Xidmətin mobil ofislərinə yaxınlaşaraq pay torpaqlarına dair çıxarış üçün qeydiyyat xidmətlərindən yararlanıblar.
Məqsəd əhalinin sosial rifahının yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı, fermerlərin subsidiyalardan faydalanmasının təmin edilməsidir. Qeydiyyat xidmətlərinin birbaşa yerlərdə göstərilməsi həmçinin, vətəndaşların əmlak hüquqlarından daha səmərəli istifadə etməsinə, xidmətlərdən daha operativ və rahat şəkildə yararlanmasına imkan yaradır.
Fərman ümumilikdə, 3 il müddətində 50 minə yaxın ailənin mülkiyyət sənədləri ilə təmin edilməmiş torpaq paylarının dövlət vəsaiti hesabına sənədləşdirilməsini nəzərdə tutur.
Fermerlərə subsidiyalar 2025-ci il yanvarın 1-dən yalnız çıxarış əsasında veriləcək
Vətəndaşlar arzu etdikləri vaxt müraciət edə bilərlər. Fermerlərə subsidiyalar 2025-ci il yanvarın 1-dən yalnız çıxarışlar əsasında veriləcəyi nəzərə alınaraq, bu tarixədək müraciətlərin başa çatdırılması məqsədəuyğundur. Fermerlərin mümkün qısa müddət ərzində Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi ofislərinə müraciət etməsi tövsiyə edilir.
Dövlət Xidməti tərəfindən rayon, kənd mərkəzlərində mütəmadi olaraq mobil ofislər vasitəsilə vətəndaşlara yerində xidmət göstərilməsi təmin ediləcək.
Qeyd edək ki, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə götürmək istəyən şəxs müvafiq quruma ərizə ilə müraciət edir. Ərizədə torpaq sahəsindən istifadənin məqsədi, müddəti göstərilir.
"Torpaq icarəsi" haqqında qanun Azərbaycanda dövlət, bələdiyyə, xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsinin, icarə münasibətlərinin hüquqi əsaslarını müəyyən edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycanda məhsuldarlığı onların hesabına artırmağı fikirləşirlər - FOTO