SƏHİYYƏ

Uşaqlarda boy hormonu çatışmazlığı və şəkər xəstəliyi niyə artıb?

Babək Salek qeyd edib ki, hazırda dərmanlar bir aylıq verilir. Gələcəkdə ətraf rayonlarda yaşayanlara 2-3 aylıq dərman verilməsi planlaşdırılır
Sputnik
BAKI, 19 fevral — Sputnik. Azərbaycanda somatotrop hormonu çatışmazlığı diaqnozu qoyulan övladı olan ailələrin sayı çoxluq təşkil edir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Respublika Endokrinoloji Mərkəzin baş həkimi Babək Salek Qənnadi jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, həmin uşaqların yaşı 18-ə çatanda belə boyları 1.20-1.30 metrdən yuxarı qalxmır:
"Müalicəni bilib, bacarsaq da, maddi baxımdan problemlər var idi. Çünki bir aylıq müalicə 600-800 manata başa gəlirdi. İndi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təmənnasız olaraq 480-ə yaxın uşaq boy hormonu preparatı ilə təmin olunur. Ümid edirik ki, hormonu qəbul edən uşaqların boyu normal inkişaf edəcək.
Bununla əlaqədar komissiya şəklində İşçi qrupu yaradılıb. Müraciət əsasında həmin uşaqlar tibbi göstəriş əsasında müayinədən keçirilirlər. Diaqnozlar təsdiqləndiyi halda onlara hormon verilir. Dərmanlar böyümə zonalarının bağlanmasına, yəni sümük yaşı qızlarda 14, oğlanlarda isə 16 olana qədər ödənişsiz təqdim edilir".
B.Salek qeyd edib ki, hazırda dərmanlar bir aylıq verilir: "Gələcəkdə ətraf rayonlarda yaşayanlara 2-3 aylıq dərman verilməsi planlaşdırılır".
Həkim qeyd edib ki, boyu 150 sm-dən aşağı olan valideynlərin övladları üçün müraciətə ehtiyac yoxdur, çünki həmin uşaqlara dərman vasitəsi kömək edə bilməz: "Uşaq yoxlanışdan keçəndə valideynlərin orta boy göstəriciləri hesablanır. Ümumilikdə ehtiyacı olan şəxslər bu dərmanla təmin olunacaq. Hazırda dərmanlar 18 yaşdan yuxarı olan şəxslərə verilmir. 16 yaş üçün də məhdudiyyət var. Çünki bu yaşda orqanizmdə sümükləşmə gedir və dərmanın təsiri olmur.
Boy çatışmazlığı diaqnozu əsasən 2 yaşdan sonra qoyulur, çünki uşaqlar 2 yaşa qədər normal şəkildə böyüyür. 2 yaşdan sonra isə illik artımlar olur, bu artımların göstəricisi 5-7 sm-dən aşağı olursa, yoxlama aparılır".
Respublika Endokrinoloji Mərkəzin baş həkimi Azərbaycanda şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqların sayının artığını söyləyib. O bildirib ki, ötən ilin sonunda ölkədə qeydiyyata alınan şəkərli diabetli uşaqların sayı 1856 idisə, hazırda bu say 2000-i keçib: "Həmin uşaqların 1100-ü Respublika Endokrinologiya Mərkəzində, qalanları isə rayon xəstəxanalarında qeydiyyatdadır. Həmin uşaqlar insulinlə təmin olunurlar".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.