MƏDƏNİYYƏT

Stilistlər məşhurlar haqda: Pul var, amma sərhədləri aşmağa çəkinirlər - VİDEO

Elə sənət adamları var ki, illər dəyişsə, də öz imiclərindən əl çəkmirlər. Sputnik Azərbaycan belə məşhurları sizə təqdim edir.
Sputnik
BAKI, 19 fevral — Sputnik. Yerli məşhurlar tez-tez olmasa da, imiclərini dəyişirlər. Bəziləri fərqli və daha gözəl görünmək üçün plastik əməliyyatlardan istifadə edirlər. Digərləri isə illər əvvəlki görünüşlərindən sadəcə geyim və saç tərzi ilə fərqlənirlər.
Ən çox dəyişənlər qadınlar olsa da, kişilər də "qonşudan qalma dala" prinsipini əsas gətirərək, öz imiclərində yenilik etmək, dəyişmək, hətta plastik əməliyyat etməkdən belə çəkinmirlər. Amma elə sənət adamları var ki, illər dəyişsə, də öz imiclərindən əl çəkmirlər. Sputnik Azərbaycan illərdir ki, dəyişməyən məşhurları sizə təqdim edir.
Canlı əfsanə, müstəqil Azərbaycanın ilk Xalq artisti, "Şərəf " ordenli Flora Kərimova illərdir ki, imicində heç bir dəyişiklik etməyib. Müəyyən plastik əməliyyatlar etsə də, saç düzümü və geyim üslubu dəyişməz olaraq qalıb. Bir müddət öncə məşhur stilist Anar Kərimov onun imicində dəyişiklik etsə də, bu, uzun çəkmədi. Milyonların sevimlisi yenidən öz imicinə qayıtdı.
Dəyişməyənlər sırasında Xalq artisti Zeynəb Xanlarova da var. Səhnəyə çıxdığı ilk illərdən bəri tamaşaçı onu eyni geyim, zinət əşyaları və makiyajda görüb.
Əməkdar artist Ruhəngiz Müsəvi də heç vaxt dəyişilməyən sənət adamlarındanır. Tamaşaçılar Müsəvinin geyim və makiyajına irad tutaraq "il olub 2022, Ruhəngiz xanım hələ də 90-ların saç düzümündə və makiyajında qalıb" deyirlər.
Əməkdar artist Ruhəngiz Allahverdiyeva da illərdir "Barbi" stilindən çıxmır. Anar Ağakişiyev bir müddət öncə onun da imicini dəyişsə də, xanım müğənni köhnə imicinə sadiq qalıb.
Mövzunu məşhur modelyer Şəlalə Maqsudova ilə müzakirə elədik. Modelyer bildirir ki, bəzi müğənnilər var ki, onları imiclərindən çıxarmaq qeyri-mümkündür. Bəziləri seçdikləri janrı əsas gətirərək həmişə eyni geyim və saç düzümündə qalırlar. Məsələn, muğam ifaçıları Elnarə Abdullayeva, Səkinə İsmayılova, Gülyaz Gülyanaq bacıları və digərlərini həmişə eyni imicdə görmüşük. Təbii ki, onların sənətləri böyükdür, amma sənətlərinə ayırdıqları zamanın bir qismini də imiclərinə ayırsalar, yaxşı olar. Çünki tamaşaçı onları eyni imicdə görəndə yorulur. Axı nə qədər olar, buruq saçlar, daş-qaşlı geyimlər?
Maqsudova bildirir ki, muğam ifaçılarından fərqli olaraq estrada janrında oxuyanlar stillərini tez-tez dəyişirlər. Buna baxmayaraq illərdir eyni imicdə qalan estrada ifaçıları da var: "Xatirə İslam hərdən çox gözəl geyinir. Hiss olunur ki, hansısa stilistlə məsləhətləşib. Amma hərdən də elə geyinir ki, aləm dəyir bir-birinə.
Rühəngiz Allahverdiyevanı isə illərdir "Barbi" geyimində görürük. Bu da tamaşaçını yorur. İş orasındadır ki, həmin sənət adamlarının qazancları heç də Röyadan, Aygün Kazımovadan az deyil. Götürək elə Xalq artisti Zeynəb Xanlarovanı. Onun taxdığı zinət əşyaları, geyindiyi paltarların parçaları olduqca bahadır. Amma Zeynəb xanımı həmişə eyni imicdə görmüşük.
Müğənni Damlanı da o sıraya daxil edərdim. O, sanki əlinə nə keçir, onu da geyinir. Amma Damlanın "Üzərlik" klipindəki geyimi və saç düzümü olduqca cəlbedicidir. Hiss olunur ki, onun üzərində stilist çalışıb".
Modelyer bildirir ki, stil dəyişikliyi təkcə xanımlara şamil olunmamalıdır. Kişilər də öz stillərini dəyişməlidirlər: Məsələn, Zamiq Hüseynov, Faiq Ağayev, Eldar Qasımov, Abbas kimi sənətçilərimiz var ki, onlar vaxtaşırı imiclərini dəyişirlər. Amma Manaf Ağayev, Niyaməddin Musayev, Bilal Əliyev və muğam ifa edən kişi sənətçilərimiz illərdir ki, eyni imiclə səhnədədirlər. Səhnə insanı dəyişilməlidir. Eyni imicdə, eyni geyimdə görəndə tamaşaçı yorulur. Bahalı geyinməyə ehtiyac yoxdur, əsas olan zövqdür".
Şəlalə xanımın fikrincə, bəzi müğənnilər ona görə dəyişmirlər ki, insanlar onları ilk gördükləri kimi yaddaşlarına həkk etsinlər: "Bəzi müğənnilər var ki, onlar qeyri-adilikləri ilə yadda qalmağa çalışırlar. Elza Seyidcahanı buna misal gətirə bilərəm. Amma Elza Seyidcahanın etdiklərinin dəblə, imiclə heç bir əlaqəsi yoxdur. Başına gül-çiçək və ya başqa əşya qoymaqla tamaşaçıda ancaq ikrah hissi yaradır. Tamaşaçı bundan zövq almır".
Məşhur stilist Elnur Həsənov müsahibəsində bildirib ki, bəzi müğənnilər hələ də dəyişməli olduqlarını qəbul etmirlər, bəziləri isə dəyişir, amma orada özünü tapa bilmir: "Müğənnilər var ki, onların müəyyən stilləri var, onların dəyişməyə ehtiyac yoxdur, sadəcə hər bir stilist həmin insanda öz üslubunu göstərəcək kiçik dəyişikliklər edə bilər.
Səhnədə olan müğənninin öz tərzi olmalıdır. Saçlarını 5 mərtəbə qaldıran ifaçılar var, artıq o dəb keçmişdə qalıb, onun hazırda yeri yoxdur. Səhnəmizdə çox az müğənninin tərzi var. Bilirlər ki, hansı saç düzümü və rəngi, makiyaj və geyimlər onlara yaraşır. Əgər bir müğənni saçını düzəldib, makiyaj edirsə, bu o demək deyil ki, o yaxşı görünür. Reklam xətrinə nəsə edənlər də kənardan yaxşı görünmürlər. "Youtube"da trend olan müğənnilərin əksəriyyətinin tərzi yoxdur".
Stilist xarici ulduzların etdikləri yeniliklərdən fərqli olaraq, hələ də yerli sənətçilərin tərz və imic baxımından sərhədləri aşmağa çəkindiklərini, hətta qorxduqlarını söylədi:
"Başqası edəndə tərifləyib, az qalır gözümüzün üstünə qoyaq. Çox gözəl qəbul edirik. Şakira ilə Cennifer Lopezin səhnə şousunu misal çəkmək olar. İnsanlar baxıb xoş rəylər yazdılar. Amma bizim ulduzlar belə şou etsələr, dərhal onları daşa basarlar. Öncə başqasında gördüyümüz şeyləri özümüzdə qəbul etməliyik. Şakira ilə Cenniferin işlərini bir adam görmür. Saçı ilə saç ustası, makiyajı ilə vizaj ustası, geyimləri ilə də stilist məşğul olur. Bizdə isə işə bu cür yanaşma yoxdur. Hamısını bir adam edir. Makiyaj edən, saç düzəldən stilist deyil. Makiyaj edən vizajistdir. Saçları isə saç ustası düzəldir. Stilist tam başqa bir anlamdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.