BAKI, 19 fevral — Sputnik. Azərbaycanda körpələr qədər yaşlılar üçün çəkilən xərclər kifayət qədər yüksəkdir. Aylıq pensiyayla dolanan yaşlılar ən çox dərmana pul xərcləyirlər.
Sputnik Azərbaycan apardığı sorğu nəticəsində bu qənaətə gəlib.
Bir yaşlı insanın aylıq xərci təxminən nə qədərdir?
Himayəsində yaşlı anası olan Gülnar Məmmədova qeyd edir ki, yaşlının əziyyət çəkdiyi xəstəlikdən asılı olaraq vəziyyət dəyişir: "Anam dializ xəstəsidir. Yaşlının iynə-dərmanları çox xərc tutur. Pensiyayla belə bunu ödəyə bilmirik. İynə-dərmanlar hamısı bahadır. Hələ qidanı, geyimi, taksi xərclərini demirəm. Bayramdan qabaq ölkədə, demək olar, hər şey bahalaşdı".
Digər həmsöhbətimiz Dilarə Əliyeva qeyd edir ki, yaşlı qaynatası onlarla birgə yaşayır, 1-ci qrup əlildir: "Gəzə bilmədiyi üçün, demək olar ki, heç hara getmir. Aylıq 300 manat pensiya alır, elə pensiyasının hamısını iynə-dərmana xərcləyir".
Leyla Əhmədova da qoca anasını himayəsində saxlayır, anasının aldığı pensiyadan əlavə, qızı aylıq olaraq yaşlının səhhətinə 300-400 manat pul xərcləyir: "Qida, geyim, istirahətə pul xərcləmədən sadəcə dərmana bu qədər vəsait xərcləyirik. Dərmanların hamısı bahadır".
Dərman
© Sputnik / Nigar Iskanderova
Gülnar Yusifqızı vurğulayır ki, evində yaşlısı olmaq evində körpəsi olmaq deməkdir: "Körpəyə nə qədər aylıq xərc çıxırsa, yaşlıya da aylıq o qədər xərc çıxır. Yaşlı hər yeməyi yeyə bilmir. Onun xüsusi, daha sağlam qidalanması mütləqdir. Sağlamlıq naminə süd, qatıq, meyvə, ləpəylə qidalanmalıdır. Bal yeməlidir.
Yaşlının təzyiqi varsa, daim təzyiq dərmanı içməlidir, qanı qatıdırsa, qandurulaşdırıcı dərman və iynələr qəbul etməlidir. Belə iynələr heç də ucuz deyil. Onların əyin-başı da normal olmalıdır. Çox yaşlıdırsa, yataq xəstəsidirsə, bu zaman yaşlının gündəlik bezdən istifadəsi mütləqdir. Amma təəssüf ki, nəinki qocamız, heç uşağımız, cavanımız maddi səbəblərlə əlaqədar normal yaşaya bilmir".
Nələr edə bilərik?
Sosioloq Sahib Altay Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, demoqrafiyanın bir qolu əhalinin sayını, digər qolu əhalinin say etibarı ilə bölünmüş siniflərini müəyyənləşdirir: "Yəni, demoqrafiyanın bu qolu əhalinin say tərkibi ilə yanaşı, yaşayışını, vəziyyətini, aylıq gəlirlərini, bir sözlə, sosial-maddi və psixoloji həyat tərzini araşdıraraq ortaya qoyur. Azərbaycanda əməkhaqqının aşağı olması hər kəsə məlumdur. Digər yaş təbəqələrində olduğu kimi, yaşlı nəslin yaşayış səviyyəsi də aşağıdır. Bunun ilk səbəbi dövlətin yaşlı təbəqəyə təyin etdiyi təqaüdlərin aşağı olması ilə əlaqədardır. Digər səbəb odur ki, insanlar yaşlandıqca daha çox tibbi xərcləri çıxır".
Dərman
© Sputnik / Nigar Iskanderova
Sosioloq bildirir ki, hər bir dövlətə vətəndaşın varlığı önəmli olmalıdır: "Yaşlı nəsil bu gün müəyyən çətinliklərlə rastlaşır, onlardan biri təqaüd yaşlarıdır. Bununla əlaqədar əhali arasında böyük narazılıq var. Son dəyişikliklərlə təqaüd yaşları artırıldı. Lakin mövcud duruma nəzər yetirin, hazırkı həyat səviyyəsində insanlar o yaşa çatmırlar ki, həmin təqaüddən istifadə edə bilsinlər. Təsəvvür edin, bir insan 25 yaşında əmək fəaliyyətinə başlayıb, 40 il dövlətə vergi ödəyir. 65 yaşda təqaüdə çıxdıqdan sonra nə qədər yaşayır ki, dövlətə ödədiyi vergini təqaüd olaraq geri qaytara bilsin? Bundan başqa, dövlətin ödədiyi təqaüd yaşlının dərman pulunu, səhiyyə xərclərini, qida xərclərini qarşılayırmı?"
Dərman
© Sputnik / Nigar Iskanderova
Övladla valideyn qarşı-qarşıya qoyulur
O bildirir ki, Azərbaycanda mövcud olan ənənə müasir dünya tendensiyası ilə uzlaşmır: "Övladla valideyn qarşı-qarşıya qoyulur, müəyyən yaşadək övladın bütün xərclərini valideyn, valideynin bütün xərclərini övlad ödəyir.
Belə deyim, insanları özlərinin öhdəliyinə buraxıblar. Yəni, nə uşaq doğulanda, nə onun böyüdülməsi zamanı, nə də gənclikdə, qocalıqda dövlət onun yanında olur. Dünyada mənzərə fərqlidir, insanlar müəyyən dövrədək işləyir, müəyyən dövrdən sonra istirahət edir, gəzirlər. Lakin bizdə yaşlıların aldığı təqaüd qida, geyim ehtiyacını belə ödəmir".
İnkişaf etmiş ölkələrdə yaşlı nəslin övladla yaşamadığını deyən sosioloq Azərbaycanda insanların stress içində olduğunu deyir: "Azərbaycanda nəinki yaşlı nəsil, heç gənc nəsil yaşamır. Gəncliyin küçələrdə ömrünü iş, gəlir yeri axtarmağa həsr etdiyi vaxtda yaşlı nəslin həyat tərzi necə ola bilər?! Elə gənclər var ki, ailə qurub ata-ananın pensiyasına göz dikirlər".
Dərman
© Sputnik / Nigar Iskanderova
Yaşlı nəslin xərclərini azaltmaq üçün nə etmək olar sualına cavab olaraq sosioloq bildirir ki, tibbi sığorta tam olaraq reallaşmalıdır:
"İşlədiyi yerlərə görə dövlətin yaşlılara xüsusi güzəştləri olmalıdır, onlara ödənişsiz sanatoriyalar olmalıdır. Təqaüdlər artırılmalıdır, təqaüd yaşı yüksək olmamalıdır".
Yaşlılar daha çox əsəb, yuxusuzluq, təzyiq, şəkər, yaddaşsızlıqdan şikayətlənirlər. Apteklərdə bu dərmanların qiyməti nə qədər olduğu fotolarda əks olunub.
Qeyd edək ki, ölkədə yaşı 70-dən yuxarı vətəndaşların sayı 440 minə yaxındır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun: