BAKI, 19 fevral — Sputnik. Bu ilin yanvar ayında Azərbaycanda qida məhsullarının qiyməti ötən ilin yanvarına nisbətən 17,5 faiz bahalaşıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, yanvarda ərzaq məhsullarının qiyməti dekabr ayı ilə müqayisədə isə 2,6 faiz artıb.
Ən çox çörək, meyvələr bahalaşıb
Yanvarda dekabr ayına nisbətən ən çox bahalaşma çörək, çörək məmulatları, yarmalarda qeydə alınıb. Belə ki, çörək, çörək məmulatları, yarmalar 6,1 faiz bahalaşıb.
Daha sonra ən çox qiymət artımı meyvələrdə baş verib. Belə ki, yanvarda meyvələrin qiyməti 4,6 faiz qalxıb.
Tərəvəzlərin qiymətlərində də artım müşahidə edilib. Statistik məlumatlara əsasən, yanvarda tərəvəzlərin qiyməti 4,2 faiz qalxıb.
Balıq, balıq məhsullarının qiyməti 1,8 faiz, ət, ət məhsulları 1,4 faiz, süd, süd məhsulları 1,3 faiz, kərə, bitki yağları 1,2 faiz bahalaşıb.
Həmçinin qənd, cem, bal, şokolad, konfetlərin qiymətləri 0,6 faiz, çay, qəhvə, kakao 0,2 faiz, mineral sular, sərinləşdirici içkilər, şirələr 0,1 faiz qalxıb.
Portağal, kələm, çuğundur ucuzlaşıb
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma çörəyin, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, qoyun, mal, toyuq ətinin, təzə, dondurulmuş balığın, pendirin, kəsmiyin, xamanın, qatılaşdırılmış şəkərli və sterilizə olunmuş üzlü südün, kərə yağının, narın, heyvanın, naringinin, xurmanın, bananın, almanın, armudun, xiyarın, pomidorun, balqabağın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər, şəkər tozunun, konfetlərin, kakao tozunun, limonadın, pivənin, arağın, tütün məmulatlarının, ucuzlaşma isə əsasən yumurtanın, portağalın, kələmin, çuğundurun və yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Yanvarda yumurta ucuzlaşıb
Qeyd edək ki, yanvar ayında yumurtanın qiyməti 0,3 faiz ucuzlaşıb. Hazırda marketlərdə ağ toyuq yumurtasının qiyməti 15 qəpikdən başlayır. Bundan öncə ağ yumurta 17-20 qəpiyə satılırdı.
2021-ci ildə ölkədə yumurta istehsalı 2020-ci illə müqayisədə 3,5 faiz azalaraq 1 milyard 838,8 milyon ədəd olub. 2020-ci ildə ölkədə 1 milyard 906,2 milyon ədəd yumurta istehsal edilib.
2022-ci ilin yanvar ayında istehlak qiymətləri 2021-ci ilin yanvar ayına nisbətən 12,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər, tütün məmulatlarında 17,1 faiz, qeyri-ərzaq məhsullarında 5,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdə 11,1 faiz artıb.
2022-ci ilin yanvar ayında istehlak qiymətləri əvvəlki aya nisbətən 1,6 faiz bahalaşıb.
Yanvar ayında ərzaq məhsulları, içkilər və tütün məmulatlarının istehlak qiymətləri 2,6 faiz artıb.
Xatırladaq ki, rəsmi statistikaya görə, 2021-ci ildə illik inflyasiya 12 faiz, orta illik inflyasiya 6.7 faiz təşkil edib. İnflyasiyanın yüksəlməsi bütün məhsul və xidmət alt qrupları üzrə davam edib.
Dünyada qiymətlərin yüksəlməsi unun bahalaşmasını qaçılmaz edib
Mərkəzi Bankın məlumatına görə, illik ərzaq inflyasiyası 15,8 faiz təşkil etməklə ümumi inflyasiyanın təxminən 3/5-nü formalaşdırıb. Cari ilin yanvar ayında da davam edən ərzaq inflyasiyası dünya ərzaq qiymətlərinin dinamikasından əhəmiyyətli təsirlənir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının məlumatlarına görə dünya ərzaq qiymətləri son ildə 23,1 faiz, o cümlədən un məmulatları 20,7 faiz, süd məhsulları 17,4 faiz, yağlar 36 faiz, şəkər 33,6 faiz yüksəlib. Məhz dünya qiymətlərinin yüksəlməsi yanvar ayında istehlak səbətində əhəmiyyətli paya malik olan un, un məmulatlarının daxili bazarda bahalaşmasını qaçılmaz edib.
Qiymət artımının yarısından çoxu xarici mənşəli amillərlə bağlıdır
İnflyasiya amilləri üzrə təhlil göstərir ki, qiymət artımının birbaşa, dolayı olaraq yarısından çoxu xarici mənşəli amillərlə bağlıdır. 2021-ci ildə idxal qiymətləri 21 faizdən çox artıb. İdxal qiymətlərinin yüksəlməsi öz növbəsində dünya əmtəə qiymətlərinin bahalaşması, daşınma-logistika xərclərinin yüksəlməsi, tərəfdaşlarda inflyasiya templərinin son onilliklərin tarixi maksimumuna çatması ilə izah edilir. Dünya Bankının məlumatlarına görə, 2021-ci ildə enerji qiymətləri illik əsasda 77 faiz, qeyri-enerji qiymətləri 20 faiz yüksəlib.
İllik inflyasiyanın 6,6-7,1 faiz olacağı gözlənilir
Baza proqnoza görə, 2022-ci ildə illik inflyasiyanın 6,6-7,1 faiz intervalında olacağı gözlənilir. 2022-ci ildə inflyasiyanın əvvəlki illə müqayisədə azalacağının proqnozlaşdırılması əsasən dünya əmtəə qiymətlərində artımın və tərəfdaş ölkələrdə inflyasiyanın azalacağı, eləcə də monetar şəraitin sərtləşməsinin gözlənilən effektləri ilə izah edilir. Digər şərtlərin sabit qalması, mövcud meyillərin davam etməsi halında 2023-cü ilin I rübündən sonra inflyasiyanın hədəf diapozonuna daxil olacağı proqnozlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.