BAKI, 19 fevral — Sputnik. Uzun illərdir ki, Azərbaycanın milli musiqi alətləri balaban və düdük müzakirə mövzusuna çevrilib. Torpaqlarımızı, milli mətbəximizi, musiqi əsərlərimizi öz adlarına çıxmaq istəyən ermənilər iddia edirlər ki, bu alətlər onlara məxsusdur. Bəs görəsən, bu alətlərin kökü hara bağlıdır?
Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Azər Hacıəsgərli barəsində danışdığımız musiqi alətlərinin etimologiyası barədə Sputnik Azərbaycan-a bəhs edib. Bəstəkarın sözlərinə görə, hər iki adın etimologiyasına nəzər salsaq, görərik ki, ikisi də elə türk mənşəli sözlərdir: "Düdük bizdə də var. O, təksəsli, bir tonallığı olan, qamışdan düzəldilmiş alətdir. Bunu adətən balaca uşaqlar düzəldərdilər. Klassik ədəbiyyatımızda bu sözə tez-tez rast gəlirik. Balaban isə "kiçik ban" anlamındadır. Adətən, ansambl aləti kimi istifadə olunur".
Müsahibimiz əlavə edib ki, dini nöqteyi-nəzərdən götürsək, islam dinində əsasən avazdan, yəni insan səsindən istifadə olunur. Dini mərasimlərdə də ayinlər avazla oxunur. Ermənilər isə xordan, o cümlədən, balabandan da istifadə edirlər. Kamançanı da buraya əlavə etmək olar. Çünki balaban da, kamança da həzin və dərin səslənməyə malikdir:
"Ona görə də ermənilər daha çox meditasiya və ilahi bağlantı kimi bu alətlərə üstünlük verirlər. Bizim dinimizdə isə bu yoxdur".
"Bəzən sosial şəbəkələrdə və portallarda hansısa musiqinin üzərində ermənilər və azərbaycanlılar arasında mübahisə düşür. Xarici ölkə izləyiciləri də bəzən musiqinin hansı xalqa aid olduğunu bilmədən yanlışlığa yol verirlər. Musiqilərimizin bu qədər bənzərliyi nə ilə bağlıdır, eyni regiona aid olmağımız, yoxsa oğurluq?" - sualına A.Hacıəsgərlinin cavabı belə oldu: "Təbii ki, heç kəsə sirr deyil ki, ermənilər həmişə torpaqlarımızı, mətbəximizi, musiqimizi öz adlarına çıxıblar və bu yalanlarını dünyaya car çəkiblər. Üzeyir bəy başda olmaqla, bəstəkarlarımız kəndbəkənd, oba-oba gəzib melodiyalar toplayıblar.
Ermənilərdə də belə musiqiçilər olub. Onlardan ən tanınmışı Komitasdır (Soqomon Gevorq Soqomonyan). Həmin şəxs keşiş olub, Türkiyədə yaşayıb. Fransada musiqi təhsili alıb. Tək erməni mahnılarını yox, türk, kürd, Azərbaycan, İran melodiya və xalq intonasiyalarını toplayaraq arxiv yaradıb. Sübut kimi onun bioqrafiyasına baxmaq kifayətdir. Hazırda ermənilər mənbə kimi o arxivdən istifadə edirlər. Biz Üzeyir bəyin yolunu davam etdirməliyik. Azərbaycanın bölgələrində musiqi folklor nümunələrindən ibarət neçə-neçə xəzinə var ki, bir müddətdən sonra onlar itib-batacaq. Mütləq onları toplamaq lazımdır".
Mövzunu "Balaban metodu" kitabının müəllifi, Xalq artisti Əlixan Səmədovla davam etdiririk. Balabanı dünyada tanıdan sənətkar bildirir ki, balaban Azərbaycanın milli musiqi alətidir: "Hətta Türk dünyasının deyə bilərəm. Sadəcə, bir musiqi alətini qoruyub saxlamaq, "Bizimdir" deməklə olmur. Gərək onu istifadə edəsən, gələcək nəsillərə çatdırasan. Məktəblərdə, musiqi (Nəğmə) dərslərində, milli musiqi alətlərimiz haqqında geniş yer ayrılmalıdır ki, oxuyan uşaqlarımız da bu bilgilərə sahib olsunlar.
Artıq zəmanə dəyişib. Balaban haqqında hər bilgi rəqəmsal portallarda qeydiyyatdan keçməlidir ki, başqa ölkələrdə yaşayan insanlar da araşdırdığı zaman bu bilgiləri oxuya bilsinlər. İstər məqalə olsun, istər musiqi. Xaricdə yaşayan insanlarla bu barədə söhbət etdiyiniz zaman o an internetdən verdiyiniz bilgiləri axtarmağa başlayırlar. Doğru bildiyiniz bilgilər onun qarşısına çıxmadığı zaman sizə inanmaz. Mənim fikrim isə belədir ki, çox danışmaqdansa, çox iş görmək lazımdır".
Əlixan bəy balabanı erməniləşdirən etnik düşmənlərimizin yüzlərlə saytını bağlatdırıb: "Çünkü mən zamanında bir çox musiqimizi və bu günə qədər ifa etdiyim bütün musiqiləri rəqəmsal portallarda qeydiyyatdan keçirdiyim üçün yalan məlumat yazan hansı sayt olursa-olsun, bağlatdıra bilirəm. Ən çox da "YouTube" kanallarında belə yalan bilgilərə rast gəlmək olur. Sağ olsunlar, milli ruh daşıyan gənclərimiz də, bu barədə mənə kömək edirlər. Mənim görmədiyim video linklərini mənə yollayırlar və anında o videonu oradan yox edirəm.
Əslində musiqi ümumbəşəridir, hər kəs dinləyə bilər, amma musiqinin adını, hansı ölkəyə aid olduğunu dəyişərək, öz uydurma adlarıyla yayımladıqları zaman, bu heç də xoş olmur. Onları dinləyən öz xalqının gəncləri də elə bilir ki, bu musiqi onlara aiddir. Mən sadəcə bu yalanların qarşısını almağa çalışıram".
Türkiyədə musiqi fəaliyyəti ilə məşğul olan Əməkdar artist Turan Manafzadə musiqi alətlərinin fərqindən söz açıb: "Burada bir nüans var. Bizdə balabandır, onlarda düdükdür. Bu alətlər arasında kiçik sistematik fərq var. Yəni, bunlar fərqli alətlərdir. Coğrafi olaraq yaxınıq, ona görə də bizim musiqimizin, mətbəximizin oxşar olması normaldır. Heç kəsə sirr deyil ki, ermənilərlə azərbaycanlılar əvvəllər ünsiyyətdə olublar. Qonşu olublar. Həm də biz qafqazlıyıq. Ona görə də mədəniyyətimizdə də oxşarlıq var".
Musiqiçi düşünür ki, insan istedadlı olanda kimliyindən asılı olmayaraq hər kəs ona hörmət etmək məcburiyyətindədir: "Düşünürəm ki, hər şey qarşılıqlı olmalıdır. Türkiyədə erməni əsilli insanlar var. Yaxınlığımız olmasa da, onlardan neqativ bir hərəkət görməmişəm. Sizə bir nümunə gətirim. Qardaşım Abuzər Manafzadənin "Balaban" əsəri var. Bu, dünyada balaban aləti üçün yazılmış ilk əsərdir. Abuzərin əsərinin Kaliforniyanın Monterey şəhərində, ermənilərin kompakt yaşadığı yerdə premyerası təşkil olunmuşdu. Həmin konsertdə tamaşaçıların içində ermənilər də var idi. Orada da heç bir neqativ hal görməmişdim. Əslində bütün dünya azərbaycanlıların necə istedadlı olduğuna şahiddir. Ona görə də mübahisələrə ehtiyac duymuram".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.