BAKI, 19 fevral — Sputnik. Azərbaycanda istehsal olunan narın keyfiyyətinin kifayət qədər yüksək olmaması səbəbindən ixrac gəlirləri istehsalın heç 10%-ni də təşkil etmir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu "Post-pandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti" adlı konfransda çıxış edən Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib.
Onun sözlərinə görə, bunun həm, obyektiv, həm də subyektiv səbəbləri var.
"İllik istehsal 2016-cı illə müqayisədə ötən il təqribən 22%-dək artıb. Belə ki, 2016-cı ildə bu rəqəm təxminən 150-152 min ton idisə, 2021-ci ilin mövsüm ilində biz 185 min ton nar toplaya bilmişik. Təxminən 25 mln. ABŞ dolları civarında ixracımız olub. Bu rəqəm, təbii ki, bizi qane etmir. Belə ki, bu, ümumi istehsal olunan məhsulun heç 10%-i qədər də deyil. Bu, ondan xəbər verir ki, ölkəmizdə istehsal olunan narın keyfiyyəti bir o qədər də yüksək deyil".
O, həmçinin əlavə edib ki, narçılığın inkişafında müəyyən problemlər mövcuddur: "Bunun ən əsas səbəblərindən biri susuzluq problemidir. Fermerlər 2020-ci ildə çox ciddi susuzluqla qarşılaşdı və nəticədə böyük zərər etdilər. Bundan başqa, tingçilik təsərrüfatlarının olmaması, fermerlərin yetərincə maariflənməməsi də bura aiddir ki, biz hazırda bu istiqamətdə işlər aparırıq".
Materialda APA-nın məlumatından istifadə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.