BAKI, 19 fevral — Sputnik. Energetika naziri Pərviz Şahbazov 58-ci Münhen Təhlükəsizlik Konfransında iştirak edib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Energetika Nazirliyindən məlumat verilib.
Konfrans çərçivəsində nazir Pərviz Şahbazov Qafqaz dövlətləri, ATƏT və Avropa ölkələri nümayəndələrinin iştirakı ilə keçirilən “Qafqaz üçün yeni regional perspektivlər – Ümumi problemlər, ümumi həllər” mövzusunda müzakirələrə qatılıb.
Qafqazda davamlı sosial-iqtisadi inkişaf üçün yollar, iqlim dəyişikliyi və ekoloji təhlükəsizlik problemlərinin həll vasitələri, regional əməkdaşlıq və digər məsələlər ətrafında müzakirələr aparılıb. Energetika naziri Münhen Təhlükəsizlik Konfransı çərçivəsində digər sessiyalarda da iştirak edib.
Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizlik siyasətinə dair müzakirələrin aparılması üçün dünyanın aparıcı forumlarından biridir. Ənənəvi olaraq hər il keçirilən konfransda dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçıları, nazirlər, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəhbər şəxsləri təmsil olunur.
Xatırladaq ki, fevralın 4-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib.
Tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, Avropa İttifaqı Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi, eləcə də ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Hersoqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələri iştirak ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.