BAKI, 19 fevral — Sputnik. "MİSiS" Milli Tədqiqat Texnologiya Universitetinin (MTTU) alimləri beynəlxalq kollektivin tərkibində unikal antibakterial və xərçəng əleyhinə xüsusiyyətlərə malik yeni material sintez ediblər.
Müəlliflərin fikrincə, onun biotibbdə tətbiqi üçün yüksək perspektivləri var. Tədqiqat "Materials Chemistry and Physics" jurnalında dərc olunub.
"MİSiS" MTTU-nu tədqiqatçıları sink oksidin nanoçubuqlarının (nanorod - ing.) əldə edilməsinin texnologiyasını işləyib hazırlayıblar. Bu materialın unikallığı onun zəhərsiz olması, yüksək fotokatalitik aktivliyə və antioksidant xüsusiyyətlərə malik olmasıdır.
Alimlər materialın müxtəlif xəstəlik törədici bakteriyalara, məsələn, stafilokokkun qram-müsbət bakteriyalarına qarşı aktivliyini sınaqdan keçiriblər. Onlar həmçinin hüceyrələrin metabolik aktivliyini qiymətləndirmək üçün kolorimetrik testlər vasitəsilə sintez olunmuş nanoçubuqların xərçəng əleyhinə fəaliyyətini tədqiq ediblər.
Yeni material yaratmaq üçün işin müəllifləri tropik meşələrdə yayılmış "Sapotaceae" fəsiləsinə aid olan manilkara bitkisinin (Manilkara littoralis) yarpaqlarının ekstraktından əldə edilən fitokimyəvi birləşmələrdən istifadə ediblər. Manilkara bitkilərinə südəoxşar şirəsi olan iri, həmişəyaşıl və ya yarpaqlı ağaclar, kollar daxildir, cəmi 70-ə yaxın növü var.
"Bu cür nanomaterialların sintezi üçün istifadə olunan metodların əksəriyyətinin istifadəsi bahalıdır və ya insanlara və ətraf mühitə mənfi təsir göstərən zəhərli materialların istifadəsini nəzərdə tutur. Biz də ucuz və ekoloji cəhətdən təmiz materiallardan istifadə etməklə "yaşıl" sintez tətbiq etdik", - deyə "MİSiS" MTTU-nun Funksional nanosistemlər və yüksək temperatur materialları kafedrasının mühəndisi Yevgeni Kolesnikov bildirib.
Ekstraktı hazırlamaq üçün alimlər Hindistanın Andaman və Nikobar adalarının tropik meşələrindən Manilkara littoralisin cavan yarpaqlarını toplayıblar. Daha sonra bu yarpaqlar yuyulur, qurudulur, üyüdülür və 80°C temperaturda ekstrakt hazırlanır.
Biz bu ekstraktdan sink oksidinin nanoçubuqlarının sintezində stabilizator kimi istifadə etdik, burada asetatın parçalanmasında redoks agenti kimi çıxış etdi. Nəticədə biz xərçəng əleyhinə və antibakterial preparatların əldə edilməsinin alternativ üsulunu hazırlamağa nail olduq", - deyə Yevgeni Kolesnikov qeyd edib.
Onun sözlərinə görə, gələcəkdə "MİSiS" MTTU-nun alimləri "Prioritet-2030" proqramı çərçivəsində biotibbi tətbiqlər üçün nanomaterialların sintezinin "yaşıl" metodu inkişaf etdirməyi və əldə edilən materialların siyahısını tərkib, struktur və morfologiya baxımından genişləndirməyi planlaşdırırlar.
Yeni sintez texnologiyaları insan və ətraf mühit üçün təhlükəsizliyini qoruyaraq sintez edilmiş materialların tətbiqini əhəmiyyətli dərəcədə genişləndirəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.