BAKI, 16 fevral — Sputnik. Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə fiziki və hüquqi şəxsləri abidələrə müdaxilədən çəkindirmə amillərinin gücləndirilməsi ilə bağlı dəyişiklik edilməsi təklif olunur.
Bu barədə "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın icrası üzrə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyəti üzrə səmərəlilik (performans) auditinin nəticələrinə dair auditor hesabatında qeyd olunub.
Bölgələrimizdə, ucqar kəndlərimizdə elə abidələr var ki, onlar nəzarətdən kənarda qalıblar. Təəssüf ki, ucqar kəndlərdəki əhali arasında maarifləndirmə işi aparılmadığı üçün insanlar abidənin təyinatını, tikilmə məqsədini, tariximizdəki yerini və rolunu bilməyiblər. İnsanların bir qismi sanki bir müsəlman təəssübkeşliyi üzündən, müsəlmanlığa daha çox sahib çıxmaq adı ilə xristianlıq dövrünə aid abidələri sıradan çıxarıblar. Bəs həmin abidələrə nəzərət necə həyata keçiriləcək?
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli Sputnik Azərbaycan-a verdiyi açıqlamasında bildirir ki, dövlət xidməti tərəfindən tarix və mədəniyyət abidələrinin qorunması məsələsi xüsusi diqqətdə saxlanılır. Buna baxmayaraq, zaman-zaman müxtəlif ərazilərdə yerləşən abidələrə müdaxilə halları qeydə alınır.
Belə halların qarşısının alınması üçün inzibati tədbirlərin görülməsi də vacib məqamlardandır. Bu istiqamətdə də işlər həyata keçirilməkdədir.
Qeyd edək ki, həmin hesabatda bildirilib ki, fiziki və hüquqi şəxsləri abidələrə müdaxilədən çəkindirmə amillərinin gücləndirilməsi üçün Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində abidələrin bərpası və konservasiyası üzrə vahid siyasətin yeridilməsi məqsədilə qanun pozuntularının abidəyə ziyanvurma dərəcəsinə, ziyanın bir və ya bir neçə şəxs tərəfindən vurulmasına, belə pozuntuya birinci dəfə və ya təkrar yol verilməsinə uyğun təsnifatlaşdırılması, məsuliyyət müddətinin artırılması və cəza tədbirlərinin sərtləşdirilməsi təklif olunur.