BAKI, 18 fevral - Sputnik. Şirvan şəhərində polislərlə şəhər sakini arasında atışma olub.
Sputnik Azərbaycan bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına istinadla bildirir.
Fevralın 18-də, saat 18 radələrində 1979-cu il təvəllüdlü Şirvan şəhər sakini Abıyev Elnur Mətləb oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadıqları evdə arvadı, 1982-ci il təvəllüdlü Abıyeva Xəyalə Cabir qızına qoşa lüləli ov tüfəngi ilə 1 dəfə atəş açaraq hadisə yerindən qaçıb.
Qadın xəstəxanaya yerləşdirilib, ancaq tibbi yardım göstərilməsinə rəğmən orada keçinib.
Elnur Abıyevin tutularaq istintaqa cəlb edilməsindən ötrü Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər. E.Abıyev polis əməkdaşlarını gördükdə özündə olan qoşa lüləli ov tüfəngi ilə onlara atəş açıb. Həmin vaxt polis əməkdaşları xidməti silahdan onun hər iki ayaq nahiyəsinə atəş açaraq hərəkətini məhdudlaşdırıb saxlaya biliblər.
Faktla bağlı Şirvan şəhər prokurorluğunda cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.