CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pensiya təyin edilməsi qaydası dəyişdi

Qərarla vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə uzun müddət xidmət vaxtına görə pensiya təyin ediləcək.
Sputnik
BAKI, 18 fevral — Sputnik. Nazirlər Kabinetinin "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" qərara dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə uzun müddət xidmət vaxtına görə pensiya təyin ediləcək.
Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyəti vəzifələrində xidməti vəzifəyə təyin olunma günündən uzun müddət xidmət hesab ediləcək. Yəni bu qayda artıq vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydasını da müəyyən edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.