SƏHİYYƏ

Hər yerdə müasir xəstəxana tikmək olmaz - deputatdan maraqlı təkliflər

Həkim olmaq sadəcə diplom alıb aləti əlinə götürüb, xəstənin qarın boşluğunu yoxlamaq deyil. Hər bir xəstəyə fərdi yanaşılmalıdır - İlham Məmmədov
Sputnik
BAKI, 18 fevral — Sputnik. Milli Məclisdə daimi olaraq bölgələrdə səhiyyənin durumunu müzakirə edirik, müxtəlif məsələlər qaldırırıq. Bölgələrdə həkim çatışmazlığı böyük problemdir. Yüksək ixtisaslı, müasir biliklərə sahib çoxsaylı həkimə ehtiyacımız var.
Bu barədə millət vəkili İlham Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında deyib.
Millət vəkili bildirib ki, müasir texnologiyalara malik tibbi avadanlıqlar, ləvazimatlar, texnologiyalarla çalışa bilən reanimatoloqlara, cərrahlara, infeksionistlərə, funksional diaqnostikada yüksək biliyə sahib olan həkimlərə ehtiyacımız var:
"Düşünürəm ki, bölgələrdə çalışan həkimlərə xüsusi imtiyazlar müəyyən olunmalıdır. Təyinatlar olmalıdır. Məsələn, əvvəl belə idi ki, bir həkim ucqar rayonda 3 il çalışdıqdan sonra istədiyi yerdə işləyə bilərdi. Düşünürəm ki, məzunların təyinatla bu cür yerlərdə işə cəlb olunması önəmlidir".
Millət vəkili deyir ki, həkimləri bölgələrə cəlb etmək üçün yüksək əməkhaqqı verilməlidir, mənzil-məişət şəraiti üçün təminat verilməlidir.
İlham Məmmədov təklif olaraq bildirir ki, Ailə Həkimi İnstitutunun formalaşmasına ehtiyac var: "Azərbayanda xəstələrin tibbə əlçatanlığını təmin edə bilmək üçün ən yaxşı vasitələrdən biri Ailə Həkimi İnstitutunun formalaşmasıdır. Çünki ucqar dağ kəndində, şəhər mərkəzindən uzaq yerlərdə, bütün kənd və qəsəbələrdə müasir tələblərə cavab verən xəstəxanalar tikmək olmaz.
Lakin ailə həkimi universal həkimdir. İlkin tibbi yardımın yüksək səviyyədə göstərilməsi çox önəmlidir. Ailə Həkimi İnstitutunun infrastrukturunu yaratmaq, ambulator hissələrin tikilməsi, bu həkimlərin əməkhaqqı məsələsinə kimi, düşünürəm ki, dövlətin strategiyası olmalıdır".
O bildirir ki, bu mövzu daha çox ictimailəşməlidir, bölglələrdəki həkim çatışmazlığı probleminin həlli yolları axtarılmalıdır: "Bu müsahibəmizdən sonra Milli Məclisin növbəti iclaslarında mövzunu yenidən aktuallaşdıracağam".
"Azərbaycan Tibb Universitetinin müxtəlif bölgələrdə filiallarının açılmasına ehtiyac varmı?" sualına cavab olaraq millət vəkili deyib ki, buna ehtiyac yoxdur:
"Digər universitetlərdə 4 il oxuyurlar. Lakin mükəmməl həkim olmaq üçün illərlə təhsilə gərək var. Bu təhsil müddəti 10-11 il olur. Hələ sovet dövründə hansısa universitetdə təhsil 4 il idisə, mənim təhsil aldığım ATU-da bu müddət 7 il idi.
Bir göz qırpımında savadsız həkim xəstənin həyatına son qoya bilər. İnsanın ən kiçik orqanının belə, elə mürəkkəb quruluşu var ki, bunu mükəmməl şəkildə öyrənmək üçün illər lazımdır. Həkim olmaq sadəcə diplom alıb, aləti əlinə götürüb, xəstənin qarın boşluğunu yoxlamaq deyil. Hər bir xəstəyə fərdi yanaşılmalıdır".
Sadaladığı amillərə əsaslanaraq millət vəkili deyir ki, tibb təhsili mərkəzləşmiş olmalıdır, həkimin yüksək bazası olmalıdır.
Millət vəkili bölgələrdəki infrastrukturdan da söz açıb, bildirib ki, hazırda bölgələrdə ən müasir infrastruktura cavab verən xəstəxanalar tikilib, fəaliyyət göstərir. Yevlax şəhərini buna misal olaraq göstərə bilərik. Hazırda xəstəxanada müxtəlif yeni şöbələr fəaliyyət göstərir. Ən ucqar, dağlıq rayonlarda da gözəl infrastrukturu olan xəstəxanaları görə bilərik.
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov Azərbaycanın bölgələrində ixtisaslaşmış həkim çatışmazlığının olduğunu demişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.