Azərbaycanda məhsuldarlığı onların hesabına artırmağı fikirləşirlər - FOTO

Ötən il orada daimi iş yerlərinin sayı 4100-dən çox, mövsümi işlərə cəlb olunanlar isə 5500 nəfərdən çox olub.
Sputnik
BAKI, 18 fevral — Sputnik. “Ölkəmizdə hazırda 44 aqropark fəaliyyət göstərir. Daha 7 aqroparkda isə layihələndirmə və tikinti-quraşdırma işləri aparılır”.
Bunu Qarabağa mediatur zamanı Ağcabədi taxıl aqroparkında jurnalistlərə açıqlama verən İqtisadiyyat Nazirliyi tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Aqroparklarla iş departamentinin müdiri Zamir Dibirov deyib.
O bildirib ki, ümumi ərazisi 239 min hektar olan aqroparkların ümumi layihə dəyəri 2,3 milyard manat təşkil edir ki, bu günədək fəaliyyətə başlayan və tikinti işləri aparılan aqroparklara 1,3 milyard manat özəl investisiya qoyuluşu olub.
Ağcabədi taxıl Aqropark
Z.Dibirov deyib ki, ölkəmizdə aqroparkların yaradılmasında əsas məqsəd elmi və müasir yanaşmaların tətbiqi ilə kənd təsərrüfatı məhsullarının məhsuldarlığının yüksəldilməsi, maya dəyərinin aşağı salınması və eyni zamanda da ən əsas olan ərzaq təhlükəsizliyinin təmin olunmasından ibarətdir.
O, eyni zamanda kənd təsərrüfatı məhsulları üzrə idxal səviyyəsinin aşağı salınması, ixrac potensialının artırılması və eyni zamanda da regionların tarazlı inkişafı və məşğulluğun artırılması yönündə də aqroparkların əhəmiyyətindən söz açıb. Bildirib ki, İZİA tərəfindən 51 aqropark və iri fermer təsərrüfatının yaradılması istiqamətində işlər davam etdirilir.
İqtisadi zonaların inkişaf agentliyinin aqroparklarla iş departamentinin rəhbəri Zamir Dibirov
Aqroparklarda 2021-ci ildə daimi iş yerlərinin sayı 4100-dən çox, mövsümi işlərə cəlb olunanlar isə 5500 nəfərdən çox olub, Dibirov deyib. O həmçinin qeyd edib ki, ümumilikdə ötən il aqroparklardakı 138 min hektardan çox sahə əkin altında olub. Bunun 7600 hektarı çoxillik əkinlərdir.
Agentlik rəsmisinin sözlərinə görə, bundan əlavə, 18 min hektardan çox sahədə təkrar əkinlər aparılıb. Bunun üçün aqroparklar lazımi suvarma sistemləri ilə də təmin olunub bu da yüksək məhsulun əldə olunmasına birbaşa müsbət təsir göstərib.
Ağcabədi taxıl Aqropark
“52 min hektarda müasir suvarma sistemləri qurulub. Həmin aqroparklarda məhsuldarlıq (o cümlədən buğda, arpada 5-6 ton, qarğıdalıda 10-12 ton, çuğundurda 65 ton, eləcə də digər məhsullarda) ölkənin digər kənd təsərrüfatı subyektlərindəkindən daha yüksəkdir”.
Aqroparkların yaradılması və inkişaf etdirilməsində stimullaşdırıcı tədbirlərdən söz açan Zamir Dibirov deyib ki, belə tədbirlərdən biri də 230 min hektardan çox dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin uzunmüddətli icarəyə verilməsidir. Bu isə öz növbəsində 26 aqropark investisiya təşviqi sənədi üzrə güzəşt əldə etməklə 40 milyon manatadək qənaətə gətirib çıxarıb.
Bundan əlavə, 25 aqropark Sahibkarlığın İnkişafı Fondu tərəfindən 184 milyon manat güzəştli kredit əldə edib. Eləcə də digər dövlət subsidiyaları, güzəştli kreditlər yolu ilə aqroparkları stimullaşdırma tədbirləri davam etdirilir.