BAKI, 18 fevral — Sputnik. Ələt-Astara magistralında bu gün baş verən qəzada ölənlərin sayı 2-yə çatıb.
Kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirliən Masallı rayon sakini, 1963-cü il təvəllüdlü Dadaşov Hüseyn Əlihüsyn oğlu xəstəxanada ölüb.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyi (FHN) Ələt-Astara magistralında baş verən qəza ilə bağlı məlumat yayıb.
Bildirilib ki, "112" qaynar telefon xəttinə Salyan rayonunda (Ələt-Astara magistral avtomobil yolunun 72-ci kilometrliyi) “Mercedes” markalı mikroavtobusun “KamAZ” markalı yük avtomobilinə çırpılması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfər sərnişini deformasiyaya uğrayan mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
***
Salyan rayonunda ağır yol qəzası baş verib. Cəlilabad rayon sakini, 1970-ci il təvəllüdlü Abışova Ceyran Nurulla qızı ağır xəsarət alıb.
Digərlərinin şəxsiyyəti dəqiqləşdirilir. Məlumata görə, yaralılardan birinin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Qəza zamanı ölən şəxsin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Neftçala rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Ələt-Astara magistralında ölümlə nəticələnən qəza baş verib. Hadisə Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.
99 JT 145 dövlət nömrə nişanlı mikroavtobus “KamAZ” markalı 42 BT 295 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Nəticədə 1 nəfər hadisə yerində ölüb, 5 nəfər xəsarət alıb. Onlardan 2-si kişi, 3-ü qadındır.
Yaralılar Salyan rayon xəstəxanasına yerləşdirilib. Hadisə yerinə FHN-in Salyan rayon yanğından mühafizə xidmətinin xilasediciləri cəlb olunub. Avtomobildə sıxılıb qalmış sərnişini xüsusi avadanlığın köməyi ilə avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.