QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ağdamda toxunan xalçalar xaricə satılacaq - FOTO

Ağdam Sənaye parkının ərazisində yaradılan müəssisələrdə tezliklə 140 nəfər daimi iş yeri ilə təmin olunacaq.
Sputnik
BAKI, 18 fevral - Sputnik. Qarabağın dirçəldilməsi məqsədilə Prezident İlham Əliyevin 2021-ci 28 may tarixli fərmanı ilə yaradılmış Ağdam sənaye parkının ərazisi 190 hektarı əhatə edir. Burada artıq iki müəssisənin tikintisinə başlanılıb.
Sputnik Azərbaycan bildirir ki, bunu bu gün Ağdama təşkil olunan mediatur zamanı jurnalistlərə açıqlamasında İqtisadi Zonaların İnkişafı Agentliyinin İnvestorlar ilə İş və Biznesə Dəstək Departamentinin müdiri Emil Hacıyev deyib.
Emil Hacıyev iqtisadi zonaların inkişafı agentliyinin iş və biznes dəstək departamentinin müdiri
O bildirib ki, sənaye parkının quruculuq işləri mərhələli şəkildə nəzərdə tutulub. İlkin mərhələdə prioritet hesab edilən 24 hektar ərazinin artıq hərbi sursatlardan və minalardan təmizləmə işləri başa çatdırılıb. Onun sözlərinə görə, sənaye parkının əsas fəaliyyət istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı, qablaşdırılması və sortlaşdırılması, o cümlədən meyvə-tərəvəz konservləri, yem istehsalı, gübrə istehsalı və digər sahələr müəyyənləşdirilib.
Agentliyin rəsmisi deyib ki, sənaye parkında 1,3 hektarı əhatə edən mobilizasiya şəhərciyi də yaradılıb ki, burada ilkin rezidentlər üçün məkan bütün şəraitlə təmin edilib.
Ağdam sənaye parkı
“İşğaldan azad olunduqdan sonra ümumiyyətlə Ağdam şəhərində ilk elektrik enerjisi təchizatı və su təchizatı da Ağdam sənaye parkında təşkil edilib. Mobilizasiya şəhərciyində artıq 630 kilovatlıq transformator quraşdırılıb, əraziyə 10 kilovatlıq elektrik enerjisi kabeli çəkilib.
Eyni zamanda da su təchizatı üçün 350 metr dərinlikdə subartezian quyusu qazılıb. Mobilizasiya şəhərciyində 40 nəfərlik personalı tam şəraitlə təmin etmək məqsədilə yataqxana, təsərrüfat mağazası, market, bankomatlar, yeməkxana və konteyner tipli ofislər də inşa edilib”.
Ağdam sənaye parkı
Emil Hacıyev bildirib ki, sənaye parkında ilkin mərhələdə 5 sahibkarlıq subyekti rezident olaraq qeydiyyatdan keçib ki, bunlardan da ikisinin təməlqoyması fevral ayının 13-də ölkə başçısı İlham Əliyevin iştirakı ilə baş tutub. O deyib ki, yaradılan müəssisələrdən biri xalçaçılıqla bağlıdır. Burada hazırlanacaq xalçalar təkcə ölkə bazarlarına yox, həm də xaricə ixrac olunacaq.
“Təməlqoyma mərasimi olmuş rezidentlərdən biri müxtəlif çeşidli xalça istehsalı layihəsi üzrə “Dadaş-N” MMC-dir ki, burada 60-dan artıq daimi iş yerinin açılması və ildə 700 min kvadratmetrdən çox sintetik xalça istehsalı nəzərdə tutulub. İstehsal olunan məhsulların Azərbaycan bazarı ilə yanaşı, “Made in Azerbaijan” brendi ilə xaricə ixrac olunması da nəzərdə tutulub”.
Ağdam sənaye parkı
E.Hacıyev deyib ki, ikinci müəssisə 80-dən çox insanın işlə təmin olunmasına şərait yaradacaq.
“İkinci təməli qoyulan müəssisə isə günəş enerjisi ilə qidalanan işıq dirəkləri və 40 meqavatt gücündə digər qurğular istehsal edəcək “Smartpoint” MMC-dir ki, burada da açılacaq daimi iş yelərinin sayı 80-dən çoxdur”.
Ağdam sənaye parkı
Qeyd edək ki, hazırda Agentliyə yeni müraciətlər daxil olmaqda davam edir. 10 layihə hazırda baxılmaqdadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.