BAKI, 17 fevral — Sputnik. Fevralın 16-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 78 toy şənliyinin monitorinqini həyata keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, monitorinq 75 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 146 nəfər "COVID-19" pasportu olmadığına görə şənliyə buraxılmayıb.
"Buster" dozası olmayanlar toya buraxılmayacaq
Qeyd edək ki, artıq dünəndən "buster" doza vaksin olunmayanlar bir sıra məhdudiyyətlərlə qarşılaşıb. Çünki, fevralın 15-dən COVID-19 vaksininin 2-ci dozasının üzərindən 6 aydan çox vaxt keçən şəxslərin "Peyvənd sertifikatı" etibarlı hesab edilmir. Toy mərasimlərində peyvənd sertifikatına dair tələb dəyişib.
Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixində "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarında etdiyi dəyişiklikdə əksini tapıb.
Əvvəlki qaydaya əsasən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olmalı idi.
Beləliklə, bununla əlaqədar 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqlara münasibətdə də yeni tələb qüvvədə olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: