CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tətil bitdi, metro və avtobuslarda basabas nə vaxt bitəcək?

Metropoliten sözçüsü deyib ki, gündəlik monitorinq aparılır, sərnişin sıxlığına uyğun pik saatlarda xəttə əlavə qatarlar qoşulur.
Sputnik
BAKI, 17 fevral — Sputnik. Dünəndən ali məktəbdə tətil başa çatıb. Tələbələrin dərslərə başlaması ictimai yerlərdə sıxlığı yenidən artırıb. Bəs görəsən, Sars-CoV-2 virusunun "Omicron" variantının sürətlə yayıldığı dövrdə ictimai nəqliyyatda sıxlığın qarşısını almaq üçün hansı tədbirlər görüləcək?
Avtobusda sıxlığı necə azaldaq?
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, gündəlik nəqliyyatda sərnişin axını ilə bağlı monitorinq aparılaraq ona uyğun xəttə avtobuslar salınır. Amma M.Ağayev ictimai nəqliyyatda sərnişin sıxlığının qarşısını almaq üçün bunun yetərli olmadığını söyləyir. Həmsöhbətimiz bildirdi ki, avtobuslar yollarda tıxacda qalaraq dayanacağa vaxtında çata bilmirsə, avtobus sayını artırmaq heç bir effekt vermir:
"Bu gün avtobusların gecikməsinə, sərnişin sıxlığına təsir edən əsas amil yollarda olan tıxacdır. Avtobuslar tıxacda qaldığından intervala uyğun dayanacağa çata bilmir. Bu zaman sərnişin sıxlığı yaranır. Ona görə də avtobus zolaqlarının sayı artırılmalı, bu zolaqlara nəzarət tədbirləri gücləndirilməlidir. Əks halda nə qədər çox avtobus olsa da, onlar tıxacda qalacaq, bu da nəticədə sərnişin sıxlığına gətirib çıxardacaq".
Metroda niyə nəfəs almaq olmur?
Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tədris müəssisələrində tətil müddətində də metroda interval uzadılmayıb. Ona görə də ali məktəblərdə tətil başa çatdığından metro qatarlarının hərəkət intervalında heç bir dəyişiklik edilməyəcək.
B.Məmmədov bildirib ki, hazırda metroda intervalı azaltmaq mümkün deyil. Çünki qatarlar arasında mümkün optimal interval 2 dəqiqədir: "İki dəqiqədən az interval mümkün deyil. Pandemiya dövründə sərnişin sıxlığını azaltmaq üçün mümkün olan nə lazımdırsa, tətbiq edilib. İntervalı 2 dəqiqədən az etmək texniki baxımdan mümkün deyil".
Metropoliten sözçüsü deyib ki, gündəlik monitorinq aparılır, sərnişin sıxlığına uyğun pik saatlarda xətə əlavə qatarlar qoşulur.
B.Məmmədov qeyd edib ki, pik saat üçün ən optimal qrafik tətbiq olunub. O bildirib ki, metroda havalandırma işləyir. Ventilyasiyaların iş rejimi xüsusi nəzarətdə saxlanılır.
Onun sözlərinə görə, Bakının Baş Planında metropolitenlə bağlı da məsələlər yer alıb. B.Məmmədov bildirdi ki, həmin sənədlə gələcəkdə Bakı Metropolitenində xətlərin ayrılması mümkün olacaq ki, bu da metroda sərnişin sıxlığını azaltmağa imkan verəcək.
İctimai nəqliyyat yoluxma mənbəyidir
Azərbaycan Tibb Universitetinin Pulmonologiya şöbəsinin həkimi Günel Sadıqova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Sars-CoV-2 virusunun "Omicron" variantının sürətlə yayılmasında ictimai nəqliyyat təsirsiz ötüşmür. G.Sadıqova deyir ki, sərnişinlər ictimai nəqliyyatda tibbi maskadan istifadə etsələr də, bəzən bu yoluxmanın qarşısını almır:
"Tibbi maska sıxlıq olan yerlərdə düzgün istifadə olunmur. Bəzən isə istifadə edilən maskanın qoruyuculuğu çox aşağı olur. Çünki sərnişinlər bir tibbi maskadan bir neçə gün istifadə edirlər. Bu da yoluxma riskinin qarşısını almaqda maskanın əhəmiyyətini azaldır. Ona görə də ictimai nəqliyyatda yoluxma riski daha yüksək olur".
G.Sadıqova həmçinin qeyd edib ki, ictimai nəqliyyatda yoluxma riski daha yüksəkdir. Buna bir səbəb sıxlıqdırsa, digəri havalandırmanın olmamasıdır. Ona görə şöbənin həkimi ictimai nəqliyyatda yoluxmanı azaltmaq üçün bütün mümkün tədbirlərin görülməsinin zəruri olduğunu bildirib.