BAKI, 17 fevral — Sputnik. Böyük Britaniyadan olan professor Tim Spektor bildirib ki, koronavirusun "Omikron" ştammı buruna deyil, bağırsaqlara düşə bilər. Bu barədə İngiltərənin "The Sun" qəzeti xəbər yayıb.
Spektor COVID-19-un "Omikron" ştammının gizli simptomlarını təsvir edərək onların arasında mədə-bağırsağın fəlaiyyətinin pozulmasını da qeyd edib. Belə ki, infeksiyaya yoluxmuş insanlar ürəkbulanma, qusma, qarın ağrısı, köp, mədə yanması və ishal hiss edə bilərlər. Bu əlamətlər müşahidə olunan insanların dərhal özlərini təcrid etmələri və PZR testindən keçmələri məsləhət görülür.
Mütəxəssis, həmçinin kürək nahiyəsində ağrılar, iştahsızlıq, gecə tərləmələri, gözlərdə iltihablaşmaya da diqqət yetirməyə tövsiyə edib. Professor bütün bu əlamətləri "Omikron" ştammının gizli simptomları ilə əlaqələndirib.
Qeyd edək ki, bir qədər bundan əvvəl həkim və teleaparıcı Yevgeni Komarovski ev şəritində "Omikron"dan xilas olmağın yolunu açıqlamışdı. O, antibiotiklər və digər güclü dərman preparatlarını qəbul etməməyi tövsiyə edib, bunun əvəzində çoxlu maye qəbul etməyi məsləhət görüb.