BAKI, 16 fevral — Sputnik. Roman qrupuna mənsub diləndirilən azyaşlılar var ki, onlarla profilatik tədbirlərin təşkili və keçirilməsi diqqət mərkəzində saxlanılır. Dilənçilik onlar üçün həyat tərzi, ailə, nəsil ənənəsidir. Dilənçilik o şəxslərin həyat norması hesab olunur.
Bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq deyib. O bildirib ki, əsasən regionlardan gələrək dilənçilik edən şəxslər aşkarlandıqca qeydiyyatda olduqları rayonlara göndərilirlər.
Müxtəlif metro stansiyalarının qarşısında diləndirilən uşaqlara çox rast gəlinir. DİN rəsmisi qeyd edib ki, onların hüquqlarının qorunması istiqamətində qanunla müəyyən edilən bütün vəzifələr icra olunur.
Sual doğuran məqamlardan biri budur ki, həmin uşaqlari kim diləndirir? E.Hacıyev deyir ki, onları diləndirən ya valideynləri, ya da birinci dərəcəli qohumlarıdır: "Polis orqanlarına oğurlanaraq diləndirilən uşaqlar haqda hansısa fakt daxil olmayıb. Lakin sosial şəbəkələrdə bununla bağlı çox iddialar var, həmin iddialara rast gəldikcə onları yoxlayırıq. Həmin məlumatların heç biri indiyədək təsdiqini tapmayıb".
Elşad Hacıyev bildirir ki, məlumatların yoxlanılması, dəqiqləşdirilməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə işlər aparılır, məlumat mübadiləsi həyata keçirilir. DİN-in ictimai təhlükəsizlik strukturlarında azyaşlılarla bağlı idarə, şöbə, bölmə və qruplar fəaliyyət göstərir: "Hər bir neqativ halla bağlı müvafiq araşdırmalar aparılmaqla əməli tədbirlər icra olunur. Uşaqlar haqda heç bir neqativ hala etinasız yanaşılmır. Ötən il təkcə Bakı şəhəri üzrə 347 nəzarət-profilaktik reydlər keçirilib. Dilənçilik – tufeyli həyat tərzi sürən uşaqların dairəsi, yerləri müəyyən olunmaqla qanuna müvafiq tədbirlər görülüb".
Mayorun sözlərinə görə, ötən il polis tərəfindən paytaxtda 2003 uşaq tapılıb: "Həmin 2003 nəfərdən onlarla uşaq təkrar aşkarlanıb. 71 uşaq profilaktik uçota götürülməklə hüquqları təmin edilib. Digərləri isə ailə üzvləri, qohumları tapılaraq onlara təhvil verilib. Aşkarlanan uşaqlardan 493-ü dilənçilik edib, 12-si atılmış körpə olub. Qeyd olunan dövrdə 61 uşaq müvafiq sığınacaqlara yerləşdirilib, reabilitasiyası həyata keçirilib. Hazırda Bakı şəhəri üzrə 164 uşaq profilaktik uçotdadır ki, gündəlik həmin uşaqlarla əlaqədar iş aparılır, hərəkətlərinə nəzarət edilir".
Xatırladaq ki, bir müddət öncə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirmişdi ki, diləndirilən uşaqların ailələrinin tapılması istiqamətində işlər görülür. Yəni, buradan belə qənaətə gəlmək olur ki, diləndirilən uşaqların heç də hamısı doğma övlad deyil, öz valideyni tərəfdən diləndirilmir.