PAYTAXT XƏBƏRLƏRİ

DANX-ın rəisi: "Nazir mənə töhmət versəydi, xəbərim olardı"

"TIR sürücülərinin bugünkü etiraz aksiyasında adı hallanan əməkdaşımız isə 7-8 gündür ki, məzuniyyətdədir".
Sputnik
BAKI, 17 fevral — Sputnik. "Nazir mənə töhmət versəydi, bundan xəbərim olardı. TIR sürücülərinin bugünkü etiraz aksiyasında adı hallanan əməkdaşımız isə 7-8 gündür ki, məzuniyyətdədir".
Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bunu REAL TV-nin efirində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayev töhmət alması, qurumun şöbə müdiri Malik Əliyevin işdən çıxarılması ilə bağlı deyilənlərə münasibət bildirərkən deyib.
"Həmin şöbə müdiri ötən ayın əvvəlində əməliyyat keçirmişdi. İlin əvvəlində iş çox olduğu üçün biz ondan xahiş etdik ki, işə çıxsın. Gərginlik azalandan sonra o, məzuniyyətini davam etdirir", - deyə DANX-nin rəisi qeyd edib.
Xatırladaq ki, bu gün səhər saatlarında 4 TIR sürücüsü DANX-yə etiraz olaraq Bakının Heydər Əliyev prospektini bağlayıb. Onlar səbəb kimi icazə vərəqələrinin verilməməsini göstərib, A.Rzayev və M.Əliyevi ittiham ediblər. Mətbuatda A.Rzayevə töhmət verilməsi, M.Əliyevin vəzifəsindən azad edilməsi barədə xəbər yayılıb.
Qeyd edək ki, yük avtomobilləri sürücülərinin etiraz məqsədilə Heydər Əliyev prospektini bağlaması faktı ilə bağlı cinayət işi açılıb.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
Qurum rəsmisi deyib ki, faktla bağlı Nərimanov Rayon İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tərəfindən məsələdə əli olanların dairəsi müəyyənləşdirilir.
Bu maddəyə görə günahı sübuta yetirilənlər: 5 min manatdan 8 min manatadək cərimə ödəyir; yaxud iki il müddətində islah işlərinə cəlb olunur; yaxud üç il müddətinə azadlığı məhdudlaşdırılır; yaxud da üç il müddətinə azadlıqdan məhrum edilirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.