BAKI, 17 fevral - Sputnik. Azərbaycanı Pekindəki QIş Olimpiya Oyunlarında təmsil edən fiqurlu konkisürən Yekaterina Ryabova çıxışını başa vurub.
Sputnik Azərbaycan-ın məlumatına görə, cümə axşamı, fevralın 17-də qadın fiqurlu konkisürənlər sərbəst proqramda çıxış ediblər.
Azərbaycan təmsilçisi Yekaterina Ryabova bugünkü çıxışına görə münsiflərdən 119.15 xal alıb.
Qısa proqramda Ryabova 61.82 xal toplayaraq 16-cı yerdə idi. Ümumilikdə 179.97 xal yığan Ryabova nəticədə 15-ci yerə qalxa bilib.
Qadınların fərdi yarışında Rusiya təmsilçisi Anna Şerbakova 255.95 xalla çempion olub. Gümüş medal da rusiyalı idmançıya qismət olub, 251.73 xal yığan Aleksandra Trusovaya. Bürüncə isə 233.13 xal yığan yaponiyalı Kaori Sakamoto sahiblənib.
Daha bir rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyeva ümumi hesabda dördüncü yerə çıxıb.
Qeyd edək ki, Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022-də 18-ci yeri tutub. Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.