ELM

AMEA-da prezident seçkisinin vaxtı müəyyənləşib

Ramiz Mehdiyev yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk etməyə qərar verdiyini bildirib.
Sputnik
BAKI, 17 fevral — Sputnik. Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, Ümumi yığıncaqda Akademiyaya yeni prezident seçiləcək.
AMEA prezidenti postuna Akademiyanın birinci vitse-prezidenti Arif Həşimovun namizəd olması ehtimal edilir. Qeyd edək ki, bu barədə xəbəri ilk olaraq Vesti.az saytı yazıb.
Xatırladaq ki, fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclası keçirilib. AMEA Rəyasət Heyətinin mətbuat xidmətindən verilən xəbərə görə, iclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər.
İclasda akademik Ramiz Mehdiyev son günlər Akademiya və şəxsən onun özü haqqında yayılan məlumatların heç bir təsiri olmadan, yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk etməyə qərar verdiyini bildirib: "Akademiya böyük yol keçib və daim dövlətin yanında olmalıdır. Alimlərimizin fəaliyyəti də bu yöndə olmalı, bütün işlər dövlət siyasətinə uyğun qurulmalıdır".
Akademiya prezidenti istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib. Akademik Ramiz Mehdiyev iki il dörd ay ərzində birlikdə çalışdığı Rəyasət Heyəti üzvlərinə təşəkkür edib, pandemiya səbəbindən elmimiz adına bəzi uğurlu layihələrin həyata keçirilə bilməməsindən təəssüfünü çatdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.