TƏHSİL

Müəllimlərin işə qəbulunda bu yeniliklər olacaq

Daha bir yenilik vakansiya seçimi mərhələsində ilk olaraq şəhid ailəsi üzvlərinə üstünlüyün verilməsi ilə bağlı olacaq.
Sputnik
BAKI, 16 fevral — Sputnik. Müəllimlərin işə qəbul qaydalarında dəyişikliklər olacaq. Sputnik Azərbaycan-ın xəbərinə görə, müəllimlərin işə qəbulunda testlərin cavablandırılmasına ayrılan müddət 90 dəqiqədən 120 dəqiqəyədək artırılıb. Bu barədə bu gün "Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklər" mövzusunda keçirilən onlayn brifinqdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

İmtahanda ballar necə hesablanacaq?

Onun sözlərinə görə, müsabiqənin keçirildiyi 10 il ərzində tətbiq edilən qaydalarda çox ciddi dəyişikliklər olub. E.Bağırov bildirib ki, bu səbəbdən imtahan müddətinin 120 dəqiqəyə qədər artırılması barədə qərar qəbul edilib. Həmçinin test imtahan mərhələsində 100 ballıq sistem tətbiq ediləcək:
"Test imtahanına 60 sual təqdim olunacaq, amma bunun cavablandırılmasına görə qiymət fərqli olacaq. Müəllimlər 100 bal toplaya biləcəklər. 40 ixtisas sualı olacaq, hər düzgün cavaba 2 bal veriləcək. 20 metodika sualı olacaq ki, bu zaman da düzgün cavablandırılmaya görə 1 bal tətbiq ediləcək. Səhv cavablandırılmış 4 testin cavabına görə 1 düzgün cavab silinəcək".
E.Bağırov qeyd edib ki, müəllimlərin işə qəbulunda daha bir yenilik vakansiya seçimi mərhələsində ilk olaraq şəhid ailəsi üzvlərinə üstünlüyün verilməsi ilə bağlı olacaq: "Ucqar kənd yerlərində çalışan müəllimlər üçün bu ildən etibarən həmin ərazilərdə 3 ildən çox müddətdə fasiləsiz işləyən müəllimlərin nəticələrində ballar 1.5 əmsalına, 5 ildən çox işləyən müəllimlərin topladıqları nəticələr isə 1,1 əmsalına vurularaq hesablanacaq".

Yerdəyişmə necə olacaq?

Eşqi Bağırov bildirib ki, Bakı, Sumqayıt və Abşeron üzrə müəllimlərin yerdəyişməsi MİQ vasitəsilə həyata keçiriləcək. Müəllimlərin yerdəyişməsi ilə bağlı prosesə iyun ayından başlanılması nəzərdə tutulur.
Onun sözlərinə görə, Bakı, Sumqayıt və Abşeron üzrə müəllimlərin yerdəyişməsi MİQ vasitəsilə, digər bölgələrdə isə açıq şəkildə olacaq.

Kişi müəllimlərə güzəşt varmı?

E.Bağırov kişi müəllimlərin məktəblərə cəlb olunması üçün onlara hər hansı güzəştlərin şamil edilməyəcəyini də bildirib. Şöbə müdiri qeyd edib ki, kişi müəllimləri üçün hər hansı güzəştlərin olması gözlənilmir. Kişi namizədlərin sayında artım müşahidə olunur. Bu artım kənd məktəblərinidə özünü büruzə verir".
Nazirlik səlahiyyətlisi deyib ki, rus bölməsi üzrə imtahan iştirakçılarının say azlığı müşahidə olunur: "Hesab edirik ki, müsabiqə şərtləri və nəticəsində vakansiyaların böyük əksəriyyəti tutulur".
E.Bağırov bildirib ki, müsabiqənin əsas turundan sonra 3 minə yaxın müəllim işə qəbul edilir: "Onlar müddətli əsaslarla işə qəbul edilir. Yanvarın 31-nə qədər işə qəbul edilən müəllimlər üçün daimiləşmənin mart-aprel ayları ərzində keçirilməsi nəzərdə tutulur. Yanvarın 31-dən sonra işə qəbul olan müəllimlərin daimiləşməsi MİQ vasitəsilə təşkil ediləcək".

Bağça müəllimlərinin işə qəbul qaydaları hazırlanır

Eşqi Bağırov bağçaya müəllimlərin işə qəbulu məsələsinə də aydınlıq gətirib. O bildirib ki, bununla bağlı mexanizm hazırlanır: "Bu barədə məlumatlar ictimaiyyətə təqdim olunacaq. Bu istiqamət üzrə işə qəbulun ən obyektiv və ədalətli formada həyata keçirilməsi nəzərdə tutulur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.