BAKI, 16 fevral — Sputnik. Bir neçə gün öncə Bakıda evdə tək qalan azyaşlı uşağın yaşadığı mənzilin eyvanına çıxması və təhlükəli vəziyyətin yaranmasını əks etdirən video yayılmışdı.
Bununla əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin əməkdaşları, Yasamal rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndəsi və Daxili İşlər Nazirliyinin Yasamal rayonu üzrə Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru ailəyə baş çəkmişdilər.
Nəticə etibarı ilə komitə əməkdaşları anaya valideynlik məsuliyyəti barədə ilkin olaraq xəbərdarlıq edərək, bir daha bu hal təkrarlanarsa, valideynlik hüququ ilə bağlı qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini bildirmişdilər.
Maraqlıdır, azyaşlının aqibəti nə oldu, komitə tərəfindən bu istiqamətdə hansı iş görüldü?
6 yaşlı uşaq
© Photo : State Committee on Family, Women and Children
Komitənin mətbuat katibi Teymur Mərdanoğlu Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirib ki, qurum tərəfindən nəzarətsiz qalaraq təhlükəli vəziyyətə düşən azyaşlının hüquqlarının müdafiəsi və maraqlarının təmin olunması, eyni zamanda ailəyə dəstək göstərilməsi məqsədilə müvafiq tədbirlər davam etdirilir: "Yasamal rayonunda yerləşən özəl müəssisələrin birinin təşəbbüsü əsasında Dövlət Komitəsinin nümayəndəsi uşağın anası və ailəyə dəstək göstərən E.İbrahimova (qonşu) ilə birlikdə həmin müəssisəyə səfər edib və azyaşlının məktəbəqədər təhsilə cəlb edilməsi təmin edilib".
Xatırladaq ki, 6 yaşlı uşağın anası həyat yoldaşından ayrıldığını, evin yaxınlığında yerləşən şirniyyat müəssisəsində işlədiyini və uşağı evdə nəzarətsiz şəkildə tək qoyaraq işə getdiyini bildirmişdi. Bu səbəbdən azyaşlı gün ərzində evdə tək qalır, qorxduğu üçün eyvana çıxaraq anasını çağırırdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun: