BAKI, 15 fevral — Sputnik. Sonsuzluqla bağlı ekstrakorporal mayalanma icbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfinə daxil ediləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Deputat bildirib ki, yaxın günlərdə bu, öz həllini tapacaq: ”Həmin mayalanma prosesi bir dəfə dövlət hesabına qarşılanacaq. Bu artıq Xidmətlər Zərfinə daxil ediləcək. Bununla bağlı razılıq əldə edilib”.
Qeyd edək ki, dövlət proqramları çərçivəsində müalicə və müayinəsi qarşılanan xəstəliklərlə bağlı tibbi xidmətlər, habelə kosmetik prosedurlar və plastik cərrahiyyə, orqan transplantasiyası, süni mayalanma və stomatoloji xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil.
Xatırladaq ki, süni mayalanma ilə bağlı müalicələr artıq 2004-cü ildən ölkəmizdə həyata keçirilir. İlk dəfə Mərkəzi Klinik Xəstəxanada həyata keçirilən əməliyyatlardan sonra müxtəlif klinikalar da süni mayalanma sahəsində müalicələr həyata keçirməyə başlayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.